SON XƏBƏR

Çin generalının əmri: “Hindistanın dərsini verin!” (TƏHLİL)

İyun 25
18:30 2020
"Rusiya Çinlə Hindistanı barışdıra bilmədi".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Çinlə Hindistan arasındakı son qarşıdurmadan sonra vəziyyət nisbətən səngiyib:

"Ancaq vəziyyətlə bağlı gələn xəbərlər gərginliyin gələcəkdə də davam edəcəyinə işarə edir. Məsələn, ABŞ kəşfiyyatının məlumatına görə, yüksək rütbəli Çin generalı sərhəddəki hərbi qüvvələrə Hindistan tərəfə hücum etmək əmri veribmiş. Həmin generalın Zhao Zongqi olduğu bildirilir. O, sərhəddəki çinli hərbçilərə bu məzmunda əmr verib: "Hindistanın dərsini verin!” Halbuki, Çinli rəsmilər 15 iyunda baş verən insidentə görə Hindistanı ittiham edirdi.
 
Hindistan tərəfi insidentdə 20-yə yaxın hərbçisinin həlak olduğunu açıqlayıb. Çin isə bu vaxta qədər itkiləri barədə məlumat verməyib. Ümumiyyətlə, Çində sərhəddəki son insidentlə bağlı səssizlikdir. Ancaq Hindistanın hərbi komandanlığı çinli hərbçilərin telefon danışıqlarından ələ etdiyi məlumata əsasən, Çinin itkilərinin Hindistanın itkilərindən ən azı iki dəfə çox olduğunu vurğulayıb. Yəni, sərhəddəki insidentin təşəbbüskarı Çin olsa da, bu ölkənin itkiləri daha çox olub. Qərb mətbuatında belə bir sual da müzakirə edilir ki, əgər Çin ölən hərbçiləri barədə məlumatı gizlədibsə, həmin hərbçilərin nəşi ailələrinə təhvil verilibmi?"

Elxan Şahinoğlunun fikrincə, Çin Hindistanla sərhədin dağlıq hissəsinə iddiasından əl çəkməyib:  

"Qərb mətbuatı yazır ki, Çinin lideri Szinpinin qanlı qarşıdurmaya səbəb olan qərarlarda nə dərəcədə iştirak etdiyi məlum deyil. Ancaq o da məlumdur ki, avtoritar idarəetməyə malik olan Çində birinci şəxsin icazəsi olmadan sərhəddə hərbi əməliyyat həyata keçirmək mümkün deyildi. Çinli generalların özbaşına hərbçilərinə sərhəddə irəriləmək əmri verdiyi az ehtimal olunur. Digər tərəfdən sərhəddə silahlı qüvvələrin və hərbi texnikanın sayının artırılması qərarı da Çin rəhbərliyi tərəfindən verilib. Buna cavab olaraq Hindistan da sərhəddəki hərbi kontingentini gücləndirib. Deməli, sərhədin dağlıq hissəsində növbəti qarşıdurma uzaqda deyil. Məsələni qəlizləşdirən odur ki, Çin Hindistanla sərhədin dağlıq hissəsinə iddiasından əl çəkməyib". 

Politoloqun fikrincə, Çinlə Hindistan arasındakı gərginlik ilk növbədə Rusiyanı narahat edir: 

"Çünki Rusiya hər iki dövləti özünə dost sayır. Hər 3 dövlət BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdürlər. Çin və Hindistan arasındakı münaqişə təşkilatın imicinə də mənfi təsir. Bu isə Rusiyanın maraqlarına ziddir. Çünki Rusiyanın rəqibləri deyəcəklər ki, Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır. Bu, baş verməsin deyə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli və hindistanlı həmkarlarıyla onlayn rejimində müzakirələr aparıb. Ancaq nəticə əldə olunmayıb. Bunun səbəbi sadədir. Hindistanda anlayırlar ki, Rusiya tərəfsiz vasitəçi deyil. Moskva üçün Çinlə strateji tərəfdaşlıq daha önəmlidir. Digər tərəfdən Rusiya Hindistanla C-400 raket kompleksələrini satışını da gecikdirir. Bu durumda Hindistan ABŞ-la tərəfdaşlığa önəm verməyə başlayıb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook