“İmam Hüseynin çox səhvləri olub” - Əli Nağıyev
Dekabr 15
11:06
2015
Qlobalinfo.az keçmiş nazir və keçmiş səfir Əli Nağıyevin din mövzusunda modern.az saytına verdiyi müsahibəni ixtisarla təqdim edir:
- İmam Hüseynin qətlə yetirilməsi ilə bağlı neçə əsrdir ki, Məhərrəmlik ayı olur, Aşura mərasimləri keçirilir. Bir ziyalı kimi, siz bu Aşuranı necə qiymətləndirirsiniz?
- İmam Hüseyni bu gün qəhrəmanlıq səhifəsi kimi təqdim edirlər. Doğrudurmu?! Xeyr. İmam Hüseynin özünün nə qədər səhvi olub. Zübeyrin oğlu Abdullah da Yezidə biət etmirdi. Getdi Məkkədə hakim oldu. Yezidin onun üstünə göndərdiyi dəstəyə qalib gəldi. Ömərin oğlu da biət etmədi. İmam Hüseynin özündə çox səhvlər olub.
- Bir az konkretləşdirək, səhv deyəndə nəyi nəzərdə tutursunuz?
- Birincisi, imam Hüseyn vəziyyəti düz hesablamırdı. İkincisi, isə onun iddiaları. İmam Hüseyn qardaşı Həsəndən bir yaş kiçik idi. Altı ay Həsən xəlifəlik etdi. Özü də 15 minə qədər qoşunu var idi.
İmam Hüseyn əgər qəhrəman idisə, qoşunların yığıb qardaşı ilə birlikdə Müaviyəyə qarşı döyüşüb qalib gələrdi.
Yoxsa ki, o dərəcədə biabırçı, alçaldılmış şəkildə xilafəti Müaviyəyə təhvil verməzdilər. İmam Hüseynin ambisiyalı olmasını sübut edən çoxlu faktlar var.
O, Müslümü Kufəyə göndərdi ki, oradakı vəziyyəti öyrənib xəbər versin. Cavab gözləmədən Kufəyə yola düşdü. Halbuki, artıq Kufənin valisi Ubeydulla Müslümün də, onunla birlikdə bir çox tərəfdarlarının da boynunu vurmuşdu.
Və nəhayət yolda olarkən Yezid onun qabağına üç şərt göndərdi: Ya Məkkəyə qayıtsın, ya Dəməşqə Yezidin yanına gəlib biət eləsin, ya da xilafətin düşmənləri ilə döyüşə getsin. Yeri gəlmişkən, Mullerin yazdığına görə, imam Hüseyn bu şərtlərdən birini seçməyə qərar vermişdi. Ancaq lənətlənmiş Şümür aləmi qarışdırdı.
Bu günkü təbliğatçılar, özü də kim, müştehidimiz deyir ki, Yeziddən sonra Mərvan xəlifə oldu. Ay qardaşım, belə deyil axı! Sən şiəlik təbliğatına gedib arada qalan 3 ayı niyə gizlədirsən?
Yezidin iki oğlu var idi. Müaviyə və Xalid. Yezid öləndən sonra oğlu Müaviyə onun yerinə xəlifə elan edildi. Və 3 ay xəlifə oldu. Bir dəfə də olsun xəlifəlik etmədi. Cəmi bir dəfə çıxdı minbərə, dedi ki, onun atası da, babası da səhv edib və onlar Allahın göstərdiyi yolla getməyiblər, "Quran”ın dediklərinə əməl etməyiblər, "Əhli-Beyt”i qırıblar. O, bir növ olanlara görə üzr istəyir. Düşdü minbərdən getdi, həmin gecə onu öldürdülər. Sən içindən imanlısansa, imam Hüseynə "şaxsey-vaxsey” gedəndə, Müaviyə İbn Yezidə də bir salavat çevirmək lazımdır ya yox?! Ancaq mənim baş müştehidim isə arada qalan 3 ayı gizlədir. Belə təbliğat, tarixi saxtalaşdırmaq - bu, imandan deyil axı!
- İlk baxışda belə anlaşıla bilər ki, Allahşükür Paşazadəni nəzərdə tutursunuz. Amma düşünürəm ki, siz böyük ehtimal ki, akademik Vasim Məmmədəliyevə işarə edirsiniz.
- Nəysə, kimdirsə, özü biləcək. Müaviyə ibn Yezid öləndən sonra Xalid hakimiyyətə gəlməli idi. Xalid balaca olduğuna görə, Mərvan bicliklə onun yerinə gəlir. Mərvan çox pis adam olub. O sonradan Xalidi də öldürüb. Mən bu cür dolaşıq şeyləri, niyə başa düşməyə çalışmamalıyam?
Bu mənim haqqımdır axı! Ya da sən mənə düzünü izah elə! Adama deyərlər, ay qardaş, şiəliyin sənə nə dəxli var? İlk növbədə iman Allahadır, söhbət dindən gedəndə isə Allah var. Onun göndərdiyi kitablar var. Bu kitabı gətirən peyğəmbərlər var. Musəvilikdə Musa və "Tövrat”, xristianlıqda İsa və "İncil”, İslamda "Quran” və Məhəmməd. Qalanlarının adı hörmətlə çəkilə bilər. Ancaq onlar səviyyəsinə qaldırıla bilməz. İkincisi, sən türksən və türklər 800 ilə yaxın xilafətə başçılıq edib və dini parçalamağın əleyhinə çıxıb. Üçüncüsü, bu gün sənin azərbaycanlı dediyin insanların böyük bir hissəsi şiə deyil. Yəqin ki, dediklərim bəs edər. Lazım olsa ardı var.
O ki qaldı Şah İsmayıla, sözsüz ki, çox cavan yaşlarında bu millətin belə bir oğlunun olmasından, onun əldə etdiyi nailiyyətlərdən qürur duyursan. Ancaq çox təəssüf edirsən ki, bu nailiyyətləri axıra çatdırmaq mümkün olmadı və nəticədə bu nailiyyətlər millətin xeyrinə deyil, zərərinə işlədi. Nəinki dinin parçalanmasını gücləndirdi, hətta türkü parçalamağa xidmət elədi. Sözsüz ki, bu, mənim fikrimdir.
Bilin ki, şiəlik dini parçaladı. Həzrəti Əli Müaviyəyə uduzandan sonra şiəliyi bir partiya kimi elan etdi. Həmin Əli 5 min nəfər xəvaricini qılıncdan keçirdi. Axı onlar da müsəlman idi! Yaxşı, imam Hüseynlə birgə qətlə yetirilən 72 nəfər üçün "şaxsey” gedirsən, amma 5 min nəfərə niyə bir salavat çevirmirsən? Bunlar hamısı haqlı suallardır.
Xəvaricilər də gördülər ki, şiəlik partiyaya çevrilib, onlar da öz partiyalarını yaratdı. Bu məsələləri izah edə bilmirlərsə, o zaman mənim haqqım var ki, bunları oxuyub başa düşəm. Dediklərim hamısı fakta əsaslanır!
- Məncə, dindəki parçalanmanı, təkcə şiəliyin üzərinə də yıxmaq da düzgün deyil.
- Sonradan bir neçə təriqət yarandı. Lakin biz danışdığımız tarixdə ilk parçalanmanın əsasını Əli qoydu. O, şiəliyi partiya elan etdi. O vaxta qədər isə dində parçalanma yox idi. Özü də Əli xəlifə idi. Sadəcə onlar Müaviyə ilə döyüşü saxlamışdılar.
- Mənə elə gəlir ki, siz fikrinizi Nardaran hadisələrinə gətirmək istəyirsiniz. Düzmü düşünürəm?
- Heç şübhəsiz ki, Nardaran hadisələri orada aparılan radikal şiəlik təbliğatından bəhrələnir.
Hesab edirəm ki, Nardaranda baş verənlərin bir çox səbəbləri var. Sözsüz ki, bunlardan vacib olan biri də dini təbliğatın düzgün aparılmamasıdır. Nəinki düzgün olmaması, hətta bir çox hallarda siyasətbazların bu xurafatçı adamlardan öz siyasi məqsədləri üçün istifadə etmək cəhdləri bu təbliğatı dövlətin əleyhinə yönəltmək istəyi.
Yadımdadır ki, buna oxşar vəziyyət Heydər Əliyev dönəmində də yaranmışdı. Onda görəndə ki, bu adamlar özlərini mərtəbəyə mindirmək istəyirlər, dövlətin aidiyyatı rəhbərlərini və dinin rəhbərlərini çağırdı. Çox qəti şəkildə məsələ qoydu. Bir gecə vaxt verdi və həmin gecə məsələlər yoluna düşdü. Bilirsən, bu dövlət çox çətin problemləri həll edərək bugünkü duruma gəlib və hələ də problemlər çoxdur. Yol vermək olmaz ki, hər cür cahil dəstələr bu dövləti laxlatmağa cəhd göstərsin. Mən orada şəhid olan polislərimizə Allahdan rəhmət diləyirəm.
Ancaq Nardaran hadisələri bir aya, iki aya hazırlanmamışdı. Burada illərdən söhbət gedir. Təəssüf ki, təkcə bu məsələlərdə göz, qulaq olan təşkilat öz işini buraxıb hansı işlərlə məşğul olurdu - televiziyalar göstərir.
Ölkədə agenturası olan qurumlarımız da var axı! Təkcə, onlar yox, bu məsələyə aidiyyatı olan bütün təşkilatlar hamısı var: məktəb, sahə müvəkkili, uşaq inspektoru, ailə, uşaq məsələləri üzrə aidiyyatı orqanlar, bələdiyyə, icra nümayəndəsi, dini məsələlər, mollaxana və s. Parıltı xətrinə iş görənlər dövləti aldadırlar. Bunlar öz yerində.
Nardaranda olan din təbliğatı ilə 1400 il bundan qabaqkını yanaşı qoyun, görün nə fərqi var?! Heç bir.
Bu adamlar bir addım da qabağa gedə bilməyiblər. Din bizim mədəniyyətimizdir, bunu millətin xeyrinə yönəltmək lazımdır. Buna görə də dinin təbliği nəinki anlaşıqlı, həm də gözəl olmalıdır. Söhbət təkcə savaddan getmir. Savad: "Aləti-təzviridir, əşara elm, qılma əhli məkrə təlimi maarifi zinhar. Hiylə üçün elmi təlimin verən müfsidlərə, qətliam üçün verir cəllada tiği abidar”. Böyük Füzuli elmi, maarifi biclik üçün istifadə edənlərə belə deyirdi.
Elm bəzən biclik üçün bir alət olur. Belə olanda maarifləndirdiyin kimlərdir, gərək tanıyasan. Yəni hələ, "Quran” oxumaq və ya bu elmi bilmək əxlaq demək deyil. Amma bilik, savad bu işdə də mütləqdir. Necə ki, Cavid əfəndi deyirdi: "Gərçi xilqətdə bəşər birsə yenə, tuş deyil bilməyən əsla bilənə”.
- Dediklərinizdən belə anlamaq olarmı ki, Azərbaycanda ən savadlı adamlar da, o cümlədən Allahşükür Paşazadə də, Vasim Məmmədəliyev də dini təbliğatı düzgün aparmırlar?
- Mənim Vasim Məmmədəliyevə böyük hörmətim var. Azərbaycanın savadlı kişilərindən biridir. Bəlkə də ilahiyyat elmini, şərqşünaslıq elmini hamıdan dərin bilən odur. Hesab edirəm ki, bu gün dinlə bağlı nəinki ölkədə, hətta İslam aləmində baş verən problemlərin həllində qabağa düşməyə mənəvi haqqı çatan kişilərdəndir. Yenə deyirəm heç kim "mənə nə” eləməməlidir və özünü görməzliyə vurmamalıdır. Bu problemlər var və bunların həlli İslamın qabaqda gedən adamlarının işidir. Bu gün Salman Rüştülərdən, karikatura çəkənlərdən daha qabaq bu dinə rəhbərlik edənlər və onu təbliğ edənlər problemi özlərində axtarmalıdırlar. Hesab edirəm ki, reform vacibdir və din mənəvi yüksəlişə, əxlaqa xidmət etməlidir.
O ki qaldı, dini varlanmaq üçün istifadə etməyə, bu lap dinin başlanğıcından belədir. İstəyirsən bir neçə misal göstərə bilərəm. Hələ xəlifə Ömər dönəmində İrandan xilafətə bağışlanan xalçanı (çox qiymətli xalça idi. 60 qulac eni, yəni 30 metr, və 70 qulaq uzunu. Üstü daş-qaşla bəzədilmişdi) peyğəmbər məscidinə sərmək əvəzinə Əli məcbur elədi, onu dörd yerə böldülər. Və öz payını, 2 min dirhəmə satdı. Belə şeylər çox olub.
- Siz gəncliyinizdə dindar olmusunuzmu, yoxsa elmi ateizm sizə də təsir etmişdi?
- Çox təəssüf edirəm ki, dindar olmamışam.
- Bu təəssüfün hikmətini bilmək olarmı?
- Evimizdə nənəm təpədən-dırnağa dindar olub. O, yüz yaşına qədər yaşadı. O, yüz yaşında belə, gündə 5 dəfə namaz qılırdı. Axırıncı dəfə, o getdi, çimdi, paltarlarını dəyişdi, gəldi sobanın yanında isinməyə oturdu. Dedi: "Gəlin, mənə bir çay gətir”. Gəlin o çayı gətirincə, nənəm rəhmətə getdi. Atam müharibədən gəlmişdi, müəllim idi. Atam dini təbliğ etmirdi. O, məndən dərsləri oxumağı, riyaziyyatı, fizikanı, kimyanı öyərnməyi tələb edirdi. O, maarifi təbliğ edirdi. Mən dərslərimi oxuyandan sonra tez qaçırdım ki, gedim futbol oynayım. Nənəmin elədiklərinə fikir verib ondan dini tərbiyə almağa faktiki olaraq vaxtım olmayıb. Amma mən Naxçıvanda keçirilən dini mərasimlərdə iştirak edirdim. Aşura mərasimlərinə bir uşaq marağı ilə baxırdım. Çox təəssüf edirəm ki, mənim indiki həvəsim uşaqlıq vaxtlarımda olsaydı, mən indi ərəb dilini də, fars dilini də bilərdim. Mənim poeziyaya çox böyük həvəsim var.
Atam riyaziyyat müəllimi olduğuna görə, məni dəqiq elmlərə yönləndirirdi. Ədəbiyyat da mənim hobbim idi. Mən 8-ci sinifdə oxuyanda "Vaqif” dramını əzbər bilirdim. Rəhmətlik anam məni stolun üstünə çıxardardı, mən də əllərimi-qollarımı ölçə-ölçə aktyor kimi oradakı qəhrəmanları canlandırmağa çalışardım. Əsərdəki obrazların dillərindən çıxanları imitasiya edərdim. Anam da mənə əl çalardı.
- Əli müəllim, cənnət və cəhənnəmi "Quran”da yazıldığı kimi qəbul edirsiniz, yoxsa xəyali bir təsəvvürlərin canlandırdığı məkan olaraq?
- Mən "Tövrat”ı da, "İncil”i də yaxşı oxumuşam. Orada belə şeylər yoxdur ki, kimsə cəhənnəmdə zəqqum yeyəcək, irinli su içəcək. Bizdə isə fərqlidir. Hətta cənnəti də təbəqələrə bölüblər: Firdovsi, Ədn, Məva və Nəim. İndi deyirlər ki, bu təbəqələrdə də hər şey mərtəbələrlədir.
Çöl ərəbinin 1400 il bundan qabaqkı düşüncəsini Sabir demişkən, "Tökülüb zülfü siyah arizi alın içrə, Kəbəyə çöl ərəbi mani olur hüccacı”, təbliğ etmək üçün belə şeylər bəlkə də bir vasitə idi. Bəlkə də bəzi yolundan azmışları qandırmaq üçün belə bir təbliğat lazım idi. Ancaq bu, müasirliklə uzlaşmır. Bu cür təbliğat olmaz.
Bu öz yerində. Amma mən paralel dünyanın olmasına inanıram. İnanıram ki, belə bir dünya var. İsa kimi, Musa kimi, Məhəhhəməd kimi peyğəmbərlər, Nizami Gəncəvi və Hüseyn Cavid kimi dahilər buna inanıbsa, mən kiməm ki, cənnət və cəhənnəmi qəbul etməyim?!
- Bayaq söylədiniz ki, uşaq vaxtı dindar olmadığınıza görə heyfslənirsiniz. Artıq kamillik yaşındasınız. Bu gün niyə dindar olmursunuz?
- Dindar olmaq o demək deyil ki, gedib bundan sonra məsciddə mollalıq edəsən.
- Söhbət sizin fərdi dini ibadətlərinizdən gedir.
- Hələ onların özünü də yaxşı başa düşmək lazımdır. Məncə əvvəlcə iman, sonra ibadət gərək olsun. Siz əgər deyirsiniz ki, yüz qram araq içdiyimə görə cəhənnəmə gedəcəyəmsə, onda belə çıxır ki, ruslardan heç cənnətə gedən olmayacaq?!
- Nə zamansa müqəddəs hesab olunan ziyarətə getmək istəyərdinizmi?
- Artistlik etmək məndən uzaq bir şeydir. Mən gördüyüm işdə səmimiyyəti xoşlayıram. O şey ki, mənim ürəyimcədir, onu edirəm. Ürəyimcə, deyilsə, özümü camaatın gözünə soxmaq istəmirəm. "Məncə dünya qoca bir səhnə demək, hər kəs aktyorluq edir bilməyərək”. Onsuz da bilməyərək hamı aktyorluq edir. Amma məncə bilə-bilə aktyorluq edənlər də var. Bu, kimlərəsə lazımdır. Mən bu söhbəti ona görə edirəm ki, qaranlıq yerlərə işıq salaq. Dilimiz, ədəbiyyatımız, musiqimiz, dinimiz və bu xalqın formalaşmasında digər vacib olan dəyərlər, eyni zamanda xalqımızın sabahı üçün lazımdır. Və bundan sonra da dünyada öz layiqli yerini tutaraq saxlaya bilməsi üçün neft yox, bunlardır millətin markası. Ona görə də bu dəyərləri naşı əllərə vermək olmaz və qoymaq olmaz ki, nə verim adamlar at oynatsınlar. Hətta millətə yol göstərmək, məsləhət vermək həvəsinə düşsünlər. Bu, çox ziyanlı presedent yaradar. Yuxarıda dedim ki, əvvəl iman, sonra ibadət. İmanlı olmağın yolu ədalətdən və ixlasdan keçir. Mən çalışdım ki, səmimi olam. Nə bilim, hər şey Allaha agahdır.