SON XƏBƏR

İlqar Altay- "hər cür təxribat ola bilər"

Dekabr 15
08:37 2015
"Bir çox orta məktəblərdə yaşlı bir adama mühafizə əməkdaşı forması geyindirib otuzdurublar qapının kandarında”
 
O da əyləşdiyi yerdəcə mürgüləyir. Məktəbə kim istəyir daxil olur, kim istəyir çıxır. Şagirdlər istədikləri kimi dəcəllik edir. Guya məktəbin mühafizəçisi var.
 
Nardaran qəsəbəsinə yaxın orta məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilir. Bu barədə APA məlumat yayıb. Saytın məlumatına görə, bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaq xəbərdarlığı edilib. Valideynlərə isə tapşırılıb ki, uşaqları özləri məktəbə aparıb-gətirsinlər.
 
Hazırkı vəziyyətdə Nardaranətrafı qəsəbə və kəndlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və nəzarətin artırılması əlbəttə, vacibdir. Amma ölkəmizin ümumiyyətlə, narahat bir regionda yerləşdiyi və mürəkkəb geosiyasi durum nəzərə alınarsa, paytaxtdakı və təkcə paytaxtda deyil, regionlarda da orta məktəblərin, uşaq bağçalarının, uşaq müəssisələrinin mühafizəsinin gücləndirilməsi tələb olunmurmu?
 

 
 
Orta məktəblərin və uşaq bağçalarının mühafizəsi məsələsi bir neçə ildir ki, gündəmdədir. Xüsusilə də, Neft Akademiyasındakı məlum olaydan sonra orta məktəblərin də, ali təhsil ocaqlarının da mühafizəsinin gücləndirilməsinin vacibliyi vurğulanırdı. Hələ o zaman təhsil naziri vəzifəsini icra edən Misir Mərdanov mühafizə üçün külli miqdarda vəsait tələb olunduğunu bildirirdi. Təhsil naziri bu məqsədlə daxili işlər orqanları ilə müqavilə bağlanmasını zəruri sayırdı. Nəticədə orta məktəblərin qapısı önündə xüsusi mühafizə əməkdaşları peyda olmağa başladı. Bəzi məktəblərdə mühafizə sisteminin təşkili və əlbəttə ki, mühafizəçiyə əmək haqqı ödənməsi məqsədilə valideynlərdən pul toplanırdı, bir çoxu da könüllü şəkildə ödəmə edirdilər; təki uşaqları qorunsun. Amma primitiv üsulla təşkil edilən mühafizənin nə dərəcədə tələblərə cavab verdiyi heç kimi maraqlandırmırdı. İndi vəziyyət daha çətin və mürəkkəbdir. Belə şəraitdə orta məktəblər, təhsil müəssisələri, uşaq bağçalarının mühafizəsi necə təşkil edilməlidir?
 
Məsələyə münasibət bildirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında mühafizənin zəruri olduğunu bildirdi:
 
- Nardaranla bağlı vəziyyət aydındır. Qəsəbədə də, ətraf kəndlərdə də güclü mühafizəyə ehtiyac var. Çünki hər cür təxribat ola bilər. Ekstremist qüvvələr nəsə edərlər, sonra da atarlar dövlətin üzərinə. Ona görə də vətəndaşlar ayıq-sayıq olmalıdır, xüsusən də valideynlər. Nardaranda rəsmi şəkildə olmasa da, faktiki fövqəladə şəraitdir. Xüsusilə də, uşaqlar, yaşlı insanlar qorumaya xüsusi ehtiyac duyan təbəqədir. Amma ümumilikdə, bu dəqiqə bütün ölkə boyu xüsusi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, bütün sahələrdə nəzarətin artırılmasına ciddi ehtiyac var. Hazırda ümumiyyətlə, bütün dünyada gərgin proseslər yaşanır. Azərbaycan da bilirik ki, mürəkkəb bir regionda yerləşir, bədxahlarımız hər an fürsət gözləyirlər. Belə bir gərgin situasiyada təbii ki, dövlət strukturları da, güc nazirlikləri də gücləndirilmiş iş rejimində çalışmalıdırlar. Nəinki dövlət strukturları, hamı xüsusi iş rejiminə keçməlidir. Bunun rəsmən elan edilməsinə ehtiyac yoxdur. Onsuz da hamımız dünyadakı vəziyyəti bilirik. Vəziyyətə baxıb, hər kəs ayıq-sayıqlığını qorumağa çalışmalıdır. Sonra deməyək ki, niyə belə oldu, necə oldu. Gərək əvvəlcədən önləm alınsın ki, hər hansı mənfi hal baş verməsin. Belə vəziyyətdə xüsusilə uşaqlar, qocalar, əlillər, uşaq müəssisələri, təhsil ocaqları, xəstəxanalar xüsusi mühafizə altında olmalıdır. Biz artıq neçə ildir ki, orta məktəblərdə mühafizə sisteminin qurulmalı olduğundan danışırıq. Amma gedin 1-2 məktəbə və kənardan müşahidə edin, mühafizə işləri necə qurulub. Bir çox orta məktəblərdə yaşlı bir adama mühafizə əməkdaşı forması geyindirib otuzdurublar qapının kandarında. O da əyləşdiyi yerdəcə mürgüləyir. Məktəbə kim istəyir daxil olur, kim istəyir çıxır. Şagirdlər istədikləri kimi dəcəllik edir. Guya məktəbin mühafizəçisi var. Ona ayda filan qədər pul ödənir. Əslində isə heç bir mühafizədən söhbət gedə bilməz. Bu, hamısı havayı xərcdir. Mühafizə sistemi primitiv qaydada təşkil ediləcək və yalnız geyimdə təzahür edəcək iş deyil. Mühafizə sistemini təcrübəli kadrlar təşkil etməli, mühafizəçi də təcrübəli, öz sahəsinə bələd savadlı kadr olmalıdır. Bu işlər gərəkən formada, ciddi şəkildə təşkil edilməlidir. Biz orta məktəblərin, təhsil müəsssisələrinin, uşaq bağçalarının, qocalar evlərinin, xəstəxanaların mühafizəsinə dırnaqarası baxmamalıyıq. Bunlar hamısı strateji sahələrdir və çox ciddi mühafizə sisteminin qurulmasını tələb edir.
 
İ.Altay qeyd etdi ki, tədris ocaqlarının mühafizəsinin təşkili üçün mütləq daxili işlər orqanları ilə əməkdaşlıq edilməlidir. Kriminalist hesab edir ki, bu məqsədlə Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında müqavilə bağlanmalıdır:
 
- Rəsmi şəkildə bu iki qurum əməkdaşlığa qərar verməli və bütün tədris müəssisələrinin mühafizəsi əsaslı şəkildə formalaşmalıdır. Təhsil Nazirliyi ilə DİN arasında mühafizə məsələləri ilə bağlı müqavilə imzalanmalıdır. Sistem qurulduqdan sonra, təcrübəli kadrlar hara müşahidə kameralarının qoyulmasını, kameraların hansı əraziləri əhatə etməli olduğunu müəyyənləşdirəcək. Mühafizəçilər də, ixtisaslı kadrlardan təyin ediləcək. Belə olduqda biz uşaqların, körpələrin təhlükəsizliyinə əmin ola biləcəyik.
 
İ.Altay vurğuladı ki, amma yalnız mühafizə sisteminin qurulması ilə də işi bitmiş hesab etmək olmaz. Bu işdə ümumiyyətlə, cəmiyyət özü ayıq-sayıqlığını itirməməlidir:
 
- Mən İsraildə səfərdə olmuşam. Orada olarkən bütün ölkənin fövqəladə rejimlə yaşadığını müşahidə etmişəm. Fövqəladə vəziyyət rəsmi şəkildə deyil. Amma bütün cəmiyyət, əhali sanki fövqəladə vəziyyətə köklənib. İdarələrdə, müəssisələrdə, xəstəxanalarda, məktəblərdə hamı iş rejiminə ciddi əməl edirdi. Gəlib-gedənlər yoxlanırdı. Ciddi nəzarət vardı. Bizdə də belə olmalıdır. Ayıq-sayıqlığını gərək itirməyəsən ki, kimsə yarana biləcək boşluqdan faydalanmasın. Müəllimlər də, valideynlər də necə çətin situasiyanın içində olduğumuzu dərk etməli və uşaqları bununla bağlı maarifləndirməlidirlər. Əlbəttə, uşaqların anlayacağı, başa düşəcəyi dildə. Yəni mühafizə məsələlərinə hamı, bütün cəmiyyət diqqət etməlidir. Həm ictimai yerlərdə, həm də tədris müəssissələrində.
 
sherg.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook