İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Mart 17
20:10
2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.