İlham Əliyev Formula 1 Qrupunun idarə heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
Noyabr 22
12:24
2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatolini qəbul edib.
Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirib.
Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoli ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını deyiblər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar.
Stefano Domenikali və Flavio Briatoli Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd ediblər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.



