İlham Əliyev: "Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir"
Noyabr 01
12:00
2021
"Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub".
"Report" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.
"Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan 1993-cü ildə Xocalı soyqırımı törədib, 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alırdı.
Bu hərbi cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Ermənistanın Azərbaycana qarşı muzdlu və əcnəbi döyüşçülərdən də istifadə edirdi. Müharibədən sonra isə 150-dən çox vətəndaşımız Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalara düşərək həlak olub, xəsarətlər alıb.
Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini icra edərək ərazi bütövlüyünü bərpa edib.



