SON XƏBƏR

İkram İsrafil- “Son həbslər bilavasitə referendumla bağlı deyil”

Avqust 27
08:32 2016
"Onlar referenduma, konstitusiya dəyişikliyinə qarşı lazım olan praktiki addımları atmadılar və atmırlar”

"Azərbaycan hakimiyyətində bəzi qüvvələr Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs edilməsini və zərərsizləşdirilməsini istəyir”. Bu barədə "Turan”a adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib. Mənbə qeyd edib ki, həbs ötən həftənin sonlarından növbəti məzuniyyətə getmiş dövlət başçısı İlham Əliyevin ölkədə olmadığı zamana planlaşdırılıb. Son günlər AXCP fəallarının həbsləri Əli Kərimlinin zərərsizləşdirilməsinə müqəddimə olmalıdır.

Xəbərdə son vaxtlar ard-arda həbs olunan AXCP üzvlərinin adlarını sadaladıqdan sonra qeyd edib ki, həyata keçirilən həbslər və planlaşdırılan həbslər əslində referendumla, referendumdan sonrakı dövrə hazırlıqla bağlıdır: "Əli Kərimlinin də zərərsizləşdirilməsinin nəyə lazım olduğu barədə suala cavabda mənbə bu məsələni Konstitusiyaya dəyişikliklər üzrə 26 sentyabr referendumu və ondan sonra hakimiyyətin İlham Əliyevin əlində cəmləşməsi dövrü ilə əlaqələndirib. Elə həmin dairələr hesab edirlər ki, Kərimli və onun tərəfdarları güclənməkdə olan sosial-iqtisadi böhran fonunda baş verən daxili siyasi proseslərə təsirlərini məhdudlaşdırmaq məqsədilə zərərsizləşdirilməlidir”.

AXCP sədri də baş verənlərə münasibət bildirib. O, facebook səhifəsində yazıb ki, heç bir günahı olmayan AXCP üzvlərini, qohumlarımı həbs edib inciməkdənsə birbaşa onun özünü həbs etsinlər: "Sizin üçün problem mənəmsə, həbs edin. Əl çəkin günahsız adamlardan. Mən bu yola çıxanda, nəinki həbs edilməyimi, hətta ölümü də gözə almışam. Heç nədən qorxmuram. Evdəyəm, gözləyirəm. Hə, bəhanəniz yoxdur? Fikir etməyin, köməkləşib, bir şey düzüb-qoşarıq. Təki başqa günahsız insanlardan əl çəkin! Ancaq onu da bilin ki, sizi heç bir repressiya xilas etməyəcək!”

Bəs ölkədə son vaxtlar siyasi həbslərə başlanmasında referendum amili rol oynayır?

Müsavat Partiyasının Divan üzvü İkram İsrafil bildirdi ki, son həbslərin bilavasitə referendumla  bağlığına inanmır. Referenduma görə həbslər olsaydı prosesdə aktiv iştirak edən müsavatçılar, imza toplayan müsavatçılar həbs olunardılar: "Son həbslər əsasən Gülən camaatı və vergidən yayınma ittihamları ilə həyata keçirilir. Referendumla bağlı imza toplama kampaniyasında müsavatçılara və bu prosesdə iştirak edən digər insanlara qarşı hədə-qorxu gəlindi, amma çox irəli gedilmədi, həbslərə əl atılmadı. Həbs olunan müxalifətçi dostlarımız imza topladıqlarına görə həbs olunmayıblar ki, deyək referenduma qarşıdırlar deyə həbs olunublar. Mən buradan ”Yeni Müsavat" qəzeti  vasitəsilə bəyan edirəm ki, 26 sentyabrda keçiriləcək referenduma qarşıyam. Gəlib məni həbs eləsinlər. Onda deyərəm ki, bəli, həbs olunanlar referenduma qarşı olduqlarına görə həbs olunublar".

İ.İsrafil referenduma və konstitusiya dəyişikliyinə qarşı olduqlarını elan edən, lakin konkret iş görməyən, təşviqat qrupu yaratmayan, imza toplamayan qüvvələri tənqid etdi: "Hər halda referenduma qarşı olanlar, hansısa forma tapıb ya birlikdə ya təkbaşına imza toplamalı idilər, ən azı buna cəhd etməli idilər. Bu fikirlərimi deməklə heç bir təşkilatı ”imza toplaya bilməzdilər" deyə qınamaq istəmirəm. Amma heç bir təşkilatın və fərdin də Müsavatı bu məsələdə ittiham etməyə haqqı yoxdur. Avqustun 41 dərəcə istisində müsavatçılar ölkə boyu min bir əziyyətə imza yığacaq, kimlərsə kondinsionerli otaqda, fırlanan kresloda, qarnı tox, limonlu çay qabağında kompüterdə sosial şəbəkələrdə bizləri ittiham edəcək?! Yoxdur artıq elə şey. İndi hami bilir ki, kimin əli kimin cibindən çıxır, kimin başı kimin qoltuğundadır, gündüz müxalifətin, axşam hakimiyyətin yanında olanlar kimlərdir. Belələri referenduma, konstitusiya dəyişikliyinə qarşı lazım olan praktiki addımları atmadılar və atmırlar"(Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook