SON XƏBƏR

Abşeronda ikili hakimiyyət - Gülməmmədova seytnot vəziyyətə salınıb

Fevral 16
10:16 2016
Son günlər Abşeron rayonunun ictimai-sosial həyatında bir sıra problemlər yaşanmaqdadır. Rayonun təhsil ocaqlarında baş verən qanunsuzluqlar, rüşvətxorluq, şagirdlərin müəllimlər tərəfindən döyülməsi barədə məlumatlar demək olar ki, hər gün mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırılır. Digər tərəfdən, burada kriminal hadisələrin sayı da gündən-günə daha da çoxalır. Rayonun tabeçiliyində olan qəsəbələrdə oğurluq halları artıb. Rayonda yerli rəhbərliyin, hüquq-mühafizə orqanlarının fəaliyyətindənsə, fəaliyyətsizliyi daha qabarıq görünür.
 
Qlobal.az-a Abşeron rayonundakı qəsəbələrlə bağlı ilginc məlumatlar daxil olub. Belə ki, qəsəbələrdəki icra hakimiyyəti nümayəndələrinin doğum şəhadətnamələrini, qəsəbədə evləri olsa da qeydiyyatı olmayanları daimi qeydiyyata götürməkdən ötrü açıq-aşkar rüşvət tələb etdikləri bildirilir.
 
Söylənənlərə görə doğum şəhadətnaməsi üçün 80-100 manat, qeydiyyat məsələlələri üçün isə adam başına 350-400 manat tələb olunur. Bu cür neqativ halların əsasən Abşeron qəsəbəsinin Mehdiabad, Məhəmmədli və Qobu qəsəbələrində daha açıq formada baş verdiyi bildirilir.
 
Mənbənin bildirdiyinə görə bütün bu qanunsuzluqlara əsas səbəb həmin qəsəbələrdəki icra hakimiyyəti nümayəndələrinin – Məhəmmədli kəndinin icra nümayəndəsi Şahlar adlı şəxsin (soyadı yazılmayıb), Mehdiabad qəsəbəsindəki İbrahimov Bayramın və Qobu qəsəbəsindəki icra nümayəndəsi Siyavuş Rəcəbəliyevin Abşeronun keçmiş İcra hakimiyyəti başçısı Zakir Fərəcovun sevimli kadrları və yerliləri olmaları, buna görə də özlərini toxunulmaz hesab etmələridir. Hətta iddiaya görə yeni təyin olunmuş icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu adamlara heç hər hansı tapşırıq belə verə bilmir. Daha sonra isə bildirilir ki, bu şəxslər icra nümayəndələri təyin olunduqdan sonra qısa müddət ərzində 50 min manatlıq maşınlara sahib olublar.
 
Məlumatla bağli Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bizi dinləyəndən sonra ozünün sıravi işçi olduğunu bildirən xanım əməkdaş məsələyə aydınlıq gətirə bilməyəcəyini, suallarımızı cavablandırmaq səlahiyyətində olmadığını söylədi və idarənin hüquq şöbəsinə zəng etməyimizi məsləhət gördü. Hüquq şöbəsindən isə iş vaxtı olmasına rəğmən dəfələrlə etdiyimiz telefon zənglərinə cavab verən olmadı.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook