SON XƏBƏR

“İdeal”ın rəhbəri: “Gəliri Cahangir Əsgərovun həyat yoldaşı ilə bölürdüm”

Avqust 25
12:31 2021
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov deyir ki, bu şirkət əlindən tam alınmadığı dövrdə, AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva ilə şərik olduqları vaxt gəliri də bölürdülər. 

Onun sözlərinə görə, gəlirlərin çatdırılması məsələsində Fuad Əliyev aralarında vasitəçilik edirdi. Ona görə də İlqar İsmayılovun vəkilləri həmin Fuad Əliyevin məhkəmədə dindirilməsini, bir sıra məsələlərə aydınlıq gətirməsini istəyirlər. Avqustun 23-də İlqar İsmayılovun məhkəməsində bu barədə vəsatət qaldırıblar.

Bu ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. Bu cinayət işi üzrə "İdeal”ın da daxil olduğu "Adore Company” zərərçəkmiş qismində tanınıb. Çünki İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, şirkətin xəzinəsindən 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir.

Zərərçəkmiş tərəfi - "Adore Company”ni məhkəmədə Rüfət Əliyev təmsil edirdi. Bu dəfə məhkəmədə məlum olub ki, Rüfət Əliyev artıq şirkətdə işləmir. Bu səbəbdən şirkətin vəkili Samir İsayev məhkəməyə ərizə verib ki, Rüfət Əliyevin bu prosesdə zərərçəkmişin nümayəndəsi qismində iştirakına xitam verilsin.

Ötən məhkəmə iclasında İlqar İsmayılovun vəkilləri məhkəməyə iş adamı ilə Zərifə Həmzəyeva arasında elektron poçt yazışmalarını təqdim etmişdi. Həmin yazışmalarda gəlirlər və başqa məsələlərdən söhbət gedirdi. Bu yazışmaların sübut kimi iş materiallarına əlavə edilib-edilməməsi məsələsi budəfəki məhkəmə iclasında müzakirəyə çıxarılıb.

Prokuror da, "Adore Company”ni təmsil edən vəkil Samir İsayev də buna etiraz edib. Prokuror bildirib ki, həmin yazışmaların İlqar İsmayılova verilən ittihama aidiyyəti yoxdur. 

Samir İsayev isə bu yazışmaların mötəbərliyinin şübhə altında olduğunu deyib. Onun sözlərinə görə, yazışmalar təhrif olunub.

İş adamının vəkili İlhamə Həsənova isə vurğulayıb ki, yazışmaların mənbəyi və mötəbərliyinin yoxlanılması üçün İlqar İsmayılovun kompüterini də məhkəməyə təqdim etməyə hazırdılar.

Hakimlər vəsatəti təmin edərək, sözügedən yazışmaları qəbul edib, sənədlərin tədqiqi mərhələsində və hökm çıxararkən onlara qiymət verməyi qərara alıblar.

Zərifə Həmzəyeva və İlqar İsmayılov arasında vasitəçilik etdiyi iddia olunan Fuad Əliyevin məhkəmədə dindirilməsi barədə vəsatət isə baxılmamış saxlanılıb. 

Hakim Əli Məmmədov bildirib ki, ittiham aktında adı olan əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərin dindirilməsi mərhələsində bu məsələyə baxıla bilər.

Cinayət işinin materiallarında iddia olunur ki, İlqar İsmayılov "İdeal”ın xəzinəsindən götürüb mənimsədiyi 680 min manatın 280 minini 248 kvadrat metrlik 5 otaqlı mənzilin alınmasına xərcləyib. Sözügedən mənzilin əvvəlki mülkiyyətçisi Leyla Novruzova və həyat yoldaşı Yaşar Novruzov məhkəmədə dindirilib.

Leyla Novruzova məhkəmədə bildirib ki, həmin mənzili görməmişdi, sadəcə, onun adına olub. Alqı-satqı zamanı da alan şəxsin kimliyini bilməyib. Sadəcə, şəxsiyyət vəsiqəsini götürüb, ona müəyyən sənədlərə imza atdırıblar. Başqa heç nədən xəbəri yoxdur.

Leyla Novruzovanın istintaqa ifadəsində göstərilib ki, mənzili İlqar İsmayılova satıblar, həmin vaxt o, "İdeal” mağazalarının sahibi olduğunu deyib və s.

Şahid məhkəmədə bildirib ki, istintaqda belə ifadə verməyib, çünki heç nədən xəbəri yox idi, bütün məsələləri həyat yoldaşı həll eləyirdi: "Prokurorluqda da yoldaşımla birlikdə ifadə vermişik. Ola bilər, yoldaşımın dediklərini mənim də adıma yazıblar”.

İlqar İsmayılov Leyla Novruzovadan evin faktiki sahibi Kənan adlı şəxsi tanıyıb-tanımadığını soruşub. Leyla Novruzova Kənanın tanıdığını və qohum olduqlarını təsdiqləyib. 

Evin faktiki sahibinin Kənan olub-olmaması sualına isə qeyri-müəyyən cavablar verib: "Qohumlar toplaşıb, bizə kömək üçün beşotaqlı evi almışdılar. Sonradan borc vardı deyə, mənzili satmaq qərarına gəldik...”

İlqar İsmayılov isə deyir ki, o mənzili Novruzovlardan yox, Kənan adlı şəxsdən alıb. Qiymət də 280 min yox, 1 milyon manat civarında olub, Novruzovları da heç vaxt görməyib: "O yerdə 248 kvadrat metrlik təmirli mənzil o qiymətə ola bilməzdi axı. İstintaq ittihamı əsaslandırmaq üçün yalan yazıb”.

İş adamının vəkilləri sözügedən mənzillə bağlı qiymətləndirmə şirkətinin rəyini də məhkəməyə təqdim edib. Orada mənzil 1 milyon manat qiymətləndirilib.

"Biz digər təsisçi ilə 5 il 3 ay birlikdə çalışmışıq, çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Bəzi məsələlər var ki, mən məhz kəsdiyimiz çörəyə görə açıqlamaq istəmirəm. Mən 18 illik şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Mənim atam da fəhlə olub, bizə halal çörək yedirib. Mən "İdeal” əmtəə nişanı və əlimdən alınan 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm...”, - deyən İlqar İsmayılov qarşı tərəfə razılaşma təklif edib.

Zərərçəkmişin vəkili Samir İsayev bu mesajı təmsil etdiyi tərəfə çatdıracağını bildirib.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Kompany”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən "Gazelli Group”un rəhbəridir.(Meydan TV)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook