SON XƏBƏR

İctimai-siyasi sabitlik, nizam-intizam - NAXÇIVAN

Fevral 15
15:43 2016
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri iqtisadi tənəzzül, siyasi böhran, anarxiya, xaos, özbaşınalıq dövrü kimi tarixə düşüb. Naxçıvan şəhərini ayrı-ayrı məhəllələr üzrə nüfuz dairəsinə bölən insanlar peyda olmuşdu. Belələri vaxtaşırı olaraq şəhərin müxtəlif yerlərində onları tanımayan və ya tanıyıb itaət etməyənlərlə tanışlıq xarakterli "profilaktik tədbirlər” həyata keçirir, insanların həyatı üçün təhlükə yaradan şoular göstərirdilər. Dəmiryol vağzalına gedən yolda avtomobilləri saxladıb sürücüləri incidirdilər. Çörək zavoduna gedərkən dəfələrlə belə mənzərənin şahidi olmuşuq. Bu qoluzorluların əlindən qurtarandan sonra çörək almaq üçün saatlarla növbədə durmaq məcburiyyətində qalırdıq.
 
Qışın 35-40 dərəcə şaxtasında belə, bu vəziyyətə dözürdük. Ta ki 3 çörəyi gözlərini əlimizə və qapıya dikən körpə uşaqlara çatdıraq. Uzun-uzadı növbədə dayanmağın əzab-əziyyəti bir tərəfə, burada yaranan xoşagəlməz hadisələr də insanları mənən sarsıdırdı. Qolları və sinəsi əcaib şəkillərlə bəzədilmiş "xüsusi imtiyazlı şəxslər” növbəsiz-filansız zavoda girir, istədikləri qədər çörək alırdılar. Heç yadımdan çıxmır, onların bu hərəkətlərinə etiraz edən bir gənci vurub sərdilər yerə. Axşamdan yağan yağışın yaratdığı gölməçədə təpiklədilər. Gənc isə təpik zərbələrinin ağrısına dözür, aldığı 3 çörəyi qucağında bərk-bərk sıxmışdı ki, palçığa batmasın. Heç olmasa həmin günü ailəsi na­ümid qalmasın. Bəlkə də deyim ki, insanları 3 çörəklə çəkilən imtahandan daha çox bu haqsızlıq, özbaşınalıq əzirdi.
 
Üç çörəyini tapıb alan heç olmasa həmin gün üçün təsəlli tapırdı. Sabah sübh tezdən qalxıb çörək növbəsinə tələsən bina sakinləri yeni sürprizlərlə qarşılaşırdı. Evində daimi suyu olması üçün hər bir ailə zirzəmidə qoyduğu çənə su nasosu birləşdirmişdi ki, elektrik enerjisi olanda evdəki çənə su doldura bilsin. 20 millimetrlik armaturla qaynaq elətdirib hazırladığımız qəfəsi səliqəlicə kəsib su nasosunu aparırdılar. Binanın həyətində dayanan avtomobillər az olduğundan sahibləri daha çox əziyyət çəkirdilər. Xüsusilə Nazim müəllimin "Jiquli”si daha çox təqibə məruz qalır, 2-3 aydan bir təkərlərin üstündə durmaq əvəzinə, Bakı kubiklərinin üstündə dayanır, maqnitofonu isə başqa maşınlarda oxuyurdu. İnsafən onu da deyim ki, ehtiyat hissələrinə dəyib toxunmurdular. Çünki maşın əlverişsiz yerdə dayandığından, yəni binanın həyətinə min göz baxır, – deyib tezbazar "əməliyyat” aparırdılar. Vaxt alan ehtiyat hissələrinin "əməliyyatları” isə dəmir qarajlarda aparılırdı.
 
Qonşu Valeh arxayın olur ki, "Jiquli”si dəmir qarajdadır, qapısında da bir kiloluq qıfıl. Demək olar ki, hər gün qıfıla nəzarət edir. Baxır ki, hər şey qaydasındadır. Yəni qıfıla toxunulmayıb. Benzin qıtlığı üzündən maşını işlətməyən Valeh bir müddət sonra dəmir qarajin qapısını açanda görür ki, maşının bir banı qalıb. Oğrular bağçadan tunel qazıb giriblər qaraja. Bu hadisə bütün qonşulara dərs oldu. Dəmir qarajların döşəməsini 20 millimetrlik armaturla qaynaq etdirib beton tökdük. Amma gördüyümüz təhlükəsizlik tədbirlərinə baxmayaraq, hər gün qarajı açıb maşına baş çəkmək əsas şərt idi. Təkcə qaraj deyil, evini təmir etdirən hər kəs, ilk növbədə, giriş qapısını dəmirdən, özü də ikiqat dəmirdən yığdırıb 2-3 kilid saldırırdı. Bu, dövrün tələbi idi. Əks- təqdirdə, sən də oğurluğun növbəti qurbanı olacaqdın.
 
Zaman keçdi. İnsanlara doğru yol göstərildi. Cinayət hadisəsini doğuran səbəblər aradan qaldırıldı, əhalinin məşğulluğu təmin edildi. Hər kəs gücü çatdığı, bacardığı işin, peşənin dalınca getdi. Cinayətə meyilli insanlar tənbeh edildi. Bəli, həbsxanaya salınmadı, tənbeh edildi. Hüquqi-maarifləndirmə işləri genişləndirildi. Nəticədə, insanlar azadlıqdan məhrum olmaqdan, üzləşəcəyi əzab-əziyyətdən, onların ailə üzvləri başsız qalmaqdan, cəmiyyətə yük olmaqdan, ictimaiyyət isə həmin narahatçılıqdan xilas oldu. Digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə tətbiq olunan Naxçıvan modeli, yəni cinayət baş verəndən sonra yox, cinayət baş vermədən əvvəl həyata keçirilən profilaktik tədbirlər öz bəhrəsini verdi. 1994-cü ildə 774 cinayət hadisəsi qeydə alınan muxtar respublikamızda bu göstərici ötən il 19-a endirildi. Onu da qeyd edək ki, 1993-cü ildə qəsdən adam­öldürmə ilə bağlı 18, qəsdən adamöldürməyə cəhdlə bağlı 4, qəsdən sağlamlığa zərər vurmaqla bağlı 20 cinayət hadisəsi qeydə alınmışdısa, 2015-ci ildə bu tip cinayətlərdən yalnız bir fakt qeydə alınıb. 1992-ci ildə oğurluqla bağlı 301 cinayət işi başlanmışdısa, ötən il bu qəbildən cəmi 6 hadisə baş verib. 1994-cü ildə narkotik maddələrlə bağlı 104 hadisə qeydə alınmışdısa, 2015-ci ildə cəmi 5 fakt aşkar edilib.
 
Oxunuşuna və yazılışına bir neçə dəqiqəlik zaman sərf etdiyimiz bu bir neçə cümləlik statistik göstəricinin reallaşması üçün nə az, nə çox, 20 ildən artıq ağır zəhmət tələb edən gərgin əmək sərf olunub. Bir vaxtlar səksəkəli günlərini yaşayan Naxçıvan indi təhlükəsiz şəhərə, cinayətsiz regiona çevrilib. Hərtərəfli biliyə malik gənc nəslin yetişdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə hər cür şərait yaradılıb, istifadəyə verilən müasir məktəblər, gənclik mərkəzləri, idman zalları, idman kompleksləri öz bəhrəsini verib. 1993-cü ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 40 cinayət hadisəsi törədilən muxtar respublikamızda son illər bu qəbildən heç bir cinayət hadisəsi qeydə alınmayıb. Küçələrdə veyil-veyil gəzən, yetənə yetən, yetməyənə də daş atan, hüquq-mühafizə orqanları əməkdaşlarının dili ilə desək, xuliqanlıq edən yetkinlik yaşına çatmayan uşaqlar, yeniyetmələr indi 500-700 bal toplayan məzunlar olub, sorağı ölkənin və dünyanın ali təhsil ocaqlarından gələn, beynəlxalq yarışlarda bayrağımızı dalğalandıran, himnimizi səsləndirən qürurverici gəncliyə çevrilib. Amma keçmişini unudanın gələcəyi olmaz, – deyiblər. Biz də zaman-zaman keçmişə müraciət edir, bu gün əmin-amanlıq, sabitlik şəraitində yaşayan gənc nəslə o dövrün çətinliklərini, bugünkü əmin-amanlığa, sabitliyə gedən yolun heç də asan olmadığını çatdırmağa çalışırıq. Çalışırıq ona görə ki, dövlətin, millətin gələcəyi olan gənclik o dövrü yenidən yaşamasın, reallıqları yaşamağı, yaşatmağı bacaran əsl vətəndaş olsun. Elə buradaca bir xarici iş adamı ilə söhbətimizdə dediyi maraqlı bir hadisəni də oxucularımıza çatdırmaq istəyirəm:
– Yeni gəlmişdim Naxçıvana. Kirayə qaldığımız mənzildə iki nəfərlə yaşayırdıq. İşimlə əlaqədar mən evdən sübh tezdən çıxmalı oldum. Onu oyadıb "Çıxarkən qapını bağlamağı unutma”, – dedim. Axşam evə dönərkən, baxdım ki, qapı açıqdır. – Vay, evə oğru girib, – deyə fikirləşdim. Qapını açdım, baxdım ki, ayaqqabı izi yoxdu. Adətən, oğrular çağırılmamış qonaq olduğundan evi ayaqqabı ilə dolanıb axtarış aparırlar. Təbii ki, əvvəlcə pulu qoyduğum yerə baxdım. Yerində idi. Hər şey necə səliqə ilə düzülmüşdüsə, elə idi. Bu vaxt iş yoldaşım da gəldi. Etiraf etdi ki, qapını bağlamağı unudub. Amma o da həyəcanlı idi.
– Bəs sən niyə həyəcanlısan? Özün deyirsən ki, qapını bağlamağı unutmusan. Bu oğru işi deyil, – deyə soruşdum.
– Yox, mən inana bilmirəm, necə olur ki, qapı açıq ola-ola evə oğru girmir. Heyrət, bu məmləkətə. Bəli, dostlarımızın dediyi kimi heyrət ediləcək, qibtə olunacaq bir məmləkətdə yaşamaqdan qürur duyur, iftixar hissi keçiririk. Naxçıvan bütün bu uğurlara burada yaradılmış ictimai-siyasi sabitlik, möhkəm nizam-intizam sayəsində nail olub. Yalnız nizam-intizam sabitliyi saxlaya, təhlükəsizliyi qoruya bilərdi. Odur ki, bu məsələyə muxtar respublikamızda ciddi diqqət yetirilib, yaradılmış nizam-intizam sayəsində hər kəs öz işi ilə məşğul olmağa, muxtar respublikanın inkişafı üçün çalışmağa başlayıb. Nəticədə, Naxçıvan təhlükəsiz bir regiona çevrilib. 2016-cı ilin Naxçıvanda "Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu uğurların sayını daha da artıracaq, yaxın gələcəkdə Naxçıvanda heç bir cinayət hadisəsi də baş verməyəcək.
 
Kərəm Həsənov
 
şerqinqapısı.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook