İcra Hakimiyyətindən açıqlama: ""Zəngi" liseyinin adının dəyişdirilməsi səlahiyyətimizdə deyil"
Mart 14
11:18
2023
Ötən gün Nizami rayon İcra Hakimiyyətinin rayon ərazisində fəaliyyət göstərən Qərbi Azərbaycanın yaşadılması məqsədi ilə məşhur Zəngi çayının adını daşıyan "Zəngi” liseyinin adının dəyişdirilməsi ilə bağlı əlaqədar qurumlara müraciət etdiyi barədə xəbər vermişdik.
Nizami rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama yayıb.
Qlobal.az İcra Hakimiyyətinin açıqlamasını təqdim edir:
"Nizami İcra Hakimiyyətinin qaranlıq məqsədi: "Zəngi” liseyinin adı niyə dəyişdirilməlidir?” başlığı ilə verilən məlumat heç bir obyektivliyi əks etdirmir.
Məlumat üçün bildiririk ki, Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Əsədli Əsəd Mahir oğlunun atası rəsmi ərizə ilə Nizami Rayon İcra Hakimiyyətinə müraciət edərək Nizami rayonunda yerləşən "Zəngi” liseyinə onun oğlunun adının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti şəhidin valideynin müraciətini nəzərə alaraq, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3-cü bəndinin 3.1-ci alt bəndinə əsasən "Zəngi” liseyinə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenli şəhid Əsədli Əsəd Mahir oğlunun adının verilməsi ilə bağlı aidiyyəti olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir.
Əlavə olaraq onu da bildiririk ki, təhsil müəssisəsinin adının dəyişdirilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyildir".
Qlobal.az