SON XƏBƏR

İcra başçısının oğluna 40 manata satılan bazar

Dekabr 17
08:41 2022
"O bazarın 90 faizini mənim şirkətim tikib”

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi dekabrın 16-da davam etdirilib. 

Meydan Tv xəbər verir ki, onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu dəfə sabiq icra başçısının məhkəməsində "Ağstafa Su Tikinti” ASC Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, "Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verib. 

Cinayət işinin materiallarında yazılıb ki, keçmiş icra başçısı ondan 218 min manatdan çox rüşvət alıb. 

Bu vəsait icra başçısına köməkçisi Mahir Əliyevin vasitəsilə çatdırılıb.

Vaqif Məmmədov məhkəmədə bildirib ki, "Şəmkir Səbəti” bazarının paylarının bir hissəsi oğlu Orxan Məmmədliyə məxsusdur. 

Digər hissəsi isə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyevin arasında bölüşdürülüb.

Cinayət işinin materiallarında göstərilib ki, bazar onlara cəmi 40 manata satılıb. Daha doğrusu, satış cəmi 40 manata rəsmiləşdirilib.

Vaqif Məmmədov isə deyir ki, o bazarın tikinti işlərinin 90 faizini onun şirkəti görmüşdü.

Sabiq icra başçısının məhkəməsi dekabrın 22-də davam edəcək.

Alimpaşa Məmmədovla bağlı istintaq dövründə onun maral ferması ortaya çıxmışdı. Bu haqda cinayət işində ifadələr də var. Məlumata görə, marallar da sabiq icra başçısından alınıb. 

Əvvəllər Şəmkirin Kür qəsəbəsində saxlanılan marallar Xızı rayonuna aparılıb.

2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 

O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. 

Onların arasında "Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, "Az Farel” MMC – balıq yetişdirmə və emalı  müəssisəsi və Bakıda mənzillər də var.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. 

Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. 

Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook