İcra başçısının müavini deputatlığa namizədin adından pul paylayır?
Yanvar 04
12:20
2020
"46 saylı dairədən namizədliyini vermiş Camalov Rəşad Yavər oğlu rahat-rahat ənam paylayır".
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbukda yazıb:
"Şirvanda seçki macəraları başlayıb. 46 saylı dairədən namizədliyini vermiş CAMALOV RƏŞAD YAVƏR OĞLU rahat-rahat ənam paylayır. Mərhum Yavər Camalovun - keçmiş müdafiə sənayesi nazirinin oğlu! Şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini yığıblar "Yeganə" şadlıq sarayına və 100 manat şirinlik paylayıblar."
Jurnalistin yazdığına görə "pul paylama əməliyyatı"na rəhbərliyi Şirvan şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Abıyev Samid rəhbərlik edir:
"Bu işi də kim təşkil edib, Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Abıyev Samid. Deyərsiniz ona nə güc düşüb? Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab rayonuna rəhbərlik edən Mərdan Camalovun uşaqlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib".
Mən bilən bu Camalovun başqa ölkə vətəndaşlığı da olmalıydı..."
Qlobal.az məsələyə münasibət öyrənmək üçün Şirvan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Zəng etdiyimiz (021) 215 10 00 nömrəsindən məsələ ilə bağlı danışmaq istəmədilər.
Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az



