SON XƏBƏR

İcra başçısından şəhid ailəsinə- "Sənin ərini Qarabağa biz göndərməmişik"- ŞİKAYƏT

Avqust 15
12:16 2016
Azərbaycanda əksər məmurların vəzifələrinin öhdələrindən gələ bilməmələri, vətəndaşların problemlərinə, qayğılarına diqqətsiz yanaşmaları bütün narazılıqları mərkəzi hakimiyyətə yönəltməkdədir. Respublika prezidenti İlham Əliyev cənablarının dəfələrlə vəzifələrinə bu cür etinasız yanaşan məmurlara sərt xəbərdarlığı, onlardan vətəndaşlara qarşı diqqətli olmağı tələb etməsi görünür hələ də bəzi məmurlara "çatmayıb". Məmur özbaşınalığı əyalətlərdə daha da geniş vüsət alıb. Xüsusən də bu cür neqativ hallar əlillərə, veteranlara, şəhid ailələrinə qarşı sərgilənir. Hər gün rayonlardan qarşılaşdıqları özbaşınalıqlara, qanunsuzluqlra görə ölkə mətbuatına, nazirliklərə və eləcə də PA-na yüzlərlə şikayət məktubu gəlməkdədir.  
 
Yerli məmurların şəhid ailəsinə qarşı etdikləri daha bir qanunsuzluq Ağdam rayonunda baş verib. Şəhid ailəsi tərəfindən Qlobal.az saytına göndərilən şikayət məktubunu olduğu kimi təqdim edirik:
 
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
 
Surəti: Heydər Əliyev Fondunun Prezidenti, Millət
Vəkili Mehriban xanım Əliyevaya
 
Surəti: Milli Məclisin sədri cənab Oktay Əsədova
 
Surəti: İnsan Hüquqları üzrə Müvəkkili OMBUDSMAN
Elmira xanım Süleymanovaya
 
Surəti: Milli Məclisin deputatı cənab Çingiz Qənizadəyə
 
Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri
Cənab Oktay Şirəliyevə
 
Ağdam rayon Alıbəyli I qəsəbəsi ev № 97-də
yaşayan, məcburi köçkün, şəhid ailəsi Mejdinova Kəmalə Vaqif qızı tərəfindən
 
Şikayət ərizəsi
 
Möhtərəm Prezident!
 
Hörmətli xanımlar və cənablar! 

Mənim Sizlərin ünvanınıza göndərdiyim şikayət ərizələri, teleqramlar baxılması üçün Ağdam rayon İcra Hakimiyyətinin Başçısına göndərilib. Mən həqiqətən bir şəhid ailəsi kimi başa düşə bilmirəm ki, mənim özbaşınalıqlarından, qanunsuz hərəkətlərindən şikayət etdiyim İcra Başçısı özü barədə hansı tədbir görə bilər? Bundan əlavə 25 iyun 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə qüvvəyə minmiş "Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan qanununun 7-ci maddəsində göstərilir ki, Vətəndaşın şikayəti baxılması üçün qanunazidd hərəkətlərindən və yaxud hərəkətsizliyindən şikayət edilən dövlət orqanlarına və vəzifəli şəxsə göndərilməsi qadağandır.
 
Mənim Prezidentimizin ünvanına göndərdiyim qəbul üçün teleqrama 24 iyun 2016-cı il tarixdə Ağdam rayon İcra Başçısının müavini baxırsa, dövlətimizin ali qanunlarına hörmətsizliyi heç cürə başa düşə bilmirəm. Qanunlarımıza, Prezidentimizin tapşırıqlarına bu cür sayğısız yanaşma, qanunsuzluqların, dərəbəyliyin baş alıb getməsinə şərait yaradır.
 
Bir daha nəzərinizə çatdırıram ki, mənim həyat yoldaşım Ümumilli Liderimiz Heydər Əliyevin çağrışı ilə üç azyaşlı övladını mənim himayəmdə qoyub vətənimizin azad edilməsi üçün Qarabağ müharibəsinə getmiş və orada şəhid olmuşdur.
        
Möhtərəm Prezident!
 
Siz dəfələrlə şəhid ailələrinə diqqət qayğı göstərilməsi onların problemlərinin heç bir bəhanə gətirilmədən dərhal həll edilməsi barədə tapşırıqlar vermisiniz və şəhidlərin ən böyük hörmətə layiq olduğunu bildirmisiniz. Ancaq çox acı təəssüflər olsun ki, Sizin bu tapşırıqlarınızı Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov və Ağdam MRX-nin baş həkimi Bəxtiyar Haqverdiyev saya salmır. Belə olmasaydı onlar mənə deməzdilər ki, sənin ərini Qarabağa biz göndərməmişik. Mənim həyat yoldaşım Qarabağ müharibəsinə Ulu Öndərin çağrışı ilə gedib. Ulu Öndərimiz cismən həyatda olmasada onun varisi, siyasi kursunun davamçısı, onun ideyalarının davamçısı kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Siz varsınız və Siz bizim güvənc yerimizsiniz. Sovetlər İttifaqı dövründə SSRİ  Almaniyaya ona görə qalib gəldi ki, cəbhədə döyüşən əsgərin ailəsinin dövlət təminatı var idi. Hətta ən vəzifəli məmurlar belə əsgər ailələrini hüquqlarını pozmağa cəsarət edə bilməzdilər.
        
İndi isə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov və Ağdam MRX-nın baş həkimi elə cəzasızlıq şəraitindədirlər ki, nə Sizin tapşırıqlarınıza nə də dövlətin qanunlarını saya salmırlar. Əmək Məcəlləsinin 75-ci maddəsində göstərilir ki, ştatların ixtisarı zamanı şəhid ailələrinə, Qarabağ əlillərinə, Qarabğ veteranlarına, məcburi köçkünlərə ailənin yeganə işləyən üzvlərinə üstünlük verilir. Mən həm şəhid ailəsiyəm, həm məcburi köçkünəm, həm də ailənin yeganə işləyən üzvüyəm. Bütün bunları nəzərə alınmayaraq məni işdən çıxarırlar. Bəs mən şəhid ailəsi kimi dərdlərimi kimə deyim?
        
Möhtərəm Prezident!
 
2016-cı ilin aprel hadisələri bir daha göstərdi ki, Qarabağın, torpaqlarımızın azad edilməsi şəhidlikdən keçir. Elə isə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov niyə şəhid ailələrinin problemlərinə tam laqeyiddir. Axı Ağdam RİH-nin Başçısı R, Məmmədovu Siz bu vəzifəyə təyin etmisiniz! Bu barədə Siz düşünməlisiniz! Axı mən övladlarımıza hansı vətənpərvərlikdən danışım ki, atalarının uğrunda şəhid olduğu bu torpaqda vəzifəlilər məni işdən çıxarır, bizi məhrumiyyətlərə düçar edir, hüquqlarımız tapdanır.
        
Möhtərəm Prezident!
 
Siz həyat yoldaşınız Mehriban xanımla aprel döyüşlərində şəhid olan əsgərlərimizin ailələrinə, hüquqlarının təminatına söz verdiniz. Bəs necə ola bilər ki, Sizin təyin etdiyiniz Ağdam İcra Başçısı və Ağdam MRX-nın baş həkimi şəhid ailəsinə hörmətsizlik göstərsin? Sizin dediklərinizi, tapşırıqlarınızı yerinə yetirməsin?
        
Möhtərəm Prezident!
 
Sizin daha qətiyyətli, cəsarətli addımlarınız üçün Sizin arxanızda Sizin əmrinizə hazır olan dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi üçün minlərlə şəhid olmağa hazır olan balalarımız olmalıdır. Ağdam rayon İcra Başçısı cənab Raqub Məmmədovla, Ağdam MRX-nin Baş həkimi B. Haqverdiyev şəhid ailəsi kimi mənə deyirsə sənin ərini Qarabağa biz göndərməmişik. Sizin arxanızda dayanan əmrinizə hazır olan balalarımızın inamı sarsıla bilər. Şəhid ailələrini təhqir edən rayonda idarəetmə anarxiyaya çevirən, Sizin onun qarşısında qoyduğunuz tapşırıqları yerinə yetirməyən layiq olmadığı halda yüksək vəzifəyə təyin edilən ancaq öz qohum əqrabasının himayədarı olan R. Məmmədov kimi bir şəxsin İcra Başçısı kimi saxlanılmasına nə ehtiyac var. Ümid edirəm ki, yaxın vaxtlarda gözləntilərinizi, ehtimadını doğrultmadığı üçün onun vəzifədən azad edilməsi barədə sərəncamınızı eşidəcəyik.
          
Möhtərəm Prezident!
 
Ağdam rayon İcra Başçısının qəbulunda olarkən Başçı mənə bildirdi ki, televiziyada, mətbuatda Prezident şəhid ailələri barədə nə deyib mən bilmirəm. məni rayona İcra Başçısı təyin edərkən təklikdə mənə tapşırıq verib ki, özün necə bilirsən, elə də işlə.  
        
Odur ki, Sizdən xahiş edirəm məni Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov və Ağdam MRX-nın baş həkimi Bəxtiyar Haqverdiyevlə birlikdə qəbul edəsiniz.
        
Qeyd:
 
Cənab Prezident! 
 
Mən Azərbaycan dövlətinin vətəndaşıyam, şəhid ailəsiyəm. Siz dəfələrlə bəyan edirsiniz ki, mən hər bir vətəndaşın Prezidentiyəm. Şəhid ailələri ən böyük hörmətə və qayğıya layiqdirlərsə bəs onda nə üçün şəhid ailəsi kimi məni qəbul etmirsiniz. Sizə qəbul üçün göndərdiyim teleqramı məni təhqir edən Ağdam İcra Başçısına göndərirsiniz! Bu mənə ən azı təhqirdir.
        
Cənab Prezident! Azərbaycanın Ana Qanunu olan Konstitusiyamızda daxil olmaqla qanunvericiliyimizin çox böyük hissəsi Atanız Ulu Öndər H.Əliyevin Prezidentliyi dövründə onun fərmanları ilə qüvvəyə minib. Məmurlara Ulu Öndərə sayğı göstərməyi öyrədin ki, qanunlarımız, Konstiyusiyamız da hörmətə minsin.
 
Mejdinova Kəmalə Vaqif qızı
 
24.07.2016-cı il

Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook