“İcra başçısı postuna təyinatın hər rayona görə öz qiyməti var”
Yanvar 26
12:15
2016
"Ədalətli seçkilər keçirilsəydi, bu gün parlamentin tərkibi fərqli olardı”
KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında icra başçısı postuna təmsilçiliyin seçki yolu ilə müəyyənləşməsi təklifinə münasibət bildirib. Partiya sədri şəhər bələdiyyələrinin seçki yolu ilə müəyyənləşməsi təklifinin daha məqsədəuyğun olduğunu, belə olacağı təqdirdə icra başçılarının hansı yolla müəyyənləşdirilməsi təkliflərinin önəm kəsb etməyəcəyini vurğulayıb:
"İllər öncə Seçki Məcəlləsində əlavə və düzəlişlər olanda, ATƏT-in Venesiya Komissiyası Azərbaycanla bağlı məsələləri müzakirə edəndə və Seçki Məcəlləsinə rəy verəndə, bu məsələlər bağlı müxalifətin bir fikri vardı ki, böyük şəhərlərdə şəhər bələdiyyələri formalaşsın və onlar seçki yolu ilə müəyyənləşsin. Belə olan halda icra başçısına ehtiyac qalmırdı. Təklif edilirdi ki, Bakıda, Sumqayıtda, Gəncədə, Şirvanda, Mingəçevirdə və s. şəhərlərdə bələdiyyə başqanları müəyyənləşsin və onlar şəhər bələdiyyəsinə rəhbərlik edərək bütün lazımi məsələlərin həlli ilə məşğul olsunlar. Lakin təəssüflər olsun ki, hakimiyyət bunu qəbul eləmədi”.
M.Mirəlioğlunun sözlərinə görə, bu gün Azərbaycanda icra başçısı seçilməyin öz qiyməti mövcuddur və bu qiymət hər bir rayonun əhəmiyyətinə görə dəyişir:
"Azərbaycanda icra başçıları necə seçki ilə müəyyənləşə bilər ki, hər bir rayonun öz vəziyyətinə uyğun olaraq hər rayonda icra başçısı seçilməyin öz qiyməti mövcuddur. Bunu hazırda icra başçısı vəzifəsində çalışanlar çox yaxşı bilirlər. Ona görə də Azərbaycanda icra başçısının seçki yolu ilə müəyyənləşməsi ilə bağlı deyilərnlər özünü aldatmaqdan başqa bir şey deyil. Bu, sadəcə mövsümi bir mövzu ola bilər. Ola bilsin ki, bu məsələni ictimai fikri çaşdırmaqdan ötrü ortaya atsınlar. Amma bu təklifi reallşdırmaq mümkün deyil. Əgər bunu reallaşdırmaq mümkün olsaydı, bir neçə ay bundan qabaq, seçkilər normal keçilərdi, təyinatlı həyata keçirilməzdi, seçkini xalqın səsi ilə qazananlar parlamentdə təmsil olunardı. Ancaq görünən odur ki, Azərbaycan iqtidarı bunu qəbul edə bilmir”.
KXCP sədrinin fikrincə, iqtidar xalqın sevgi və hörmətini qazanan şəxslərin dövlət strukturlarında təmsilçiliyini arzulamır və bunu özü üçün təhlükə hesab edir:
"Iqtidar qorxaq olduğu üçün "kənar şəxsin”, xalqın seçdiyi şəxsin parlamentdə təmsil olunmasını istəmir. İqtidar istəmir ki, xalqın seçdiyi hər hansı bir şəxs hansısa vəzifədə, tutaq ki, icra başçısı vəzifəsində təmsil olunsun. Buna görə də mən icra başçısının seçki yolu ilə müəyyənləşməsi ilə bağlı səslənən təklifləri real hesab etmirəm”.
Qlobal.az



