SON XƏBƏR

İçərişəhər və Qala qoruqlarında “Novruz – bahar festivalı”

Mart 11
21:02 2016
Xalqımızın tarixi kökləri ilə bağlı olan, milli adət-ənənələrlə zəngin Novruz bayramı həm də ölkəmizdə baharın gəlişini müjdələyir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub.
 
İdarədən AZƏRTAC-a bildirilib ki, martın 20-si və 21-də İçərişəhərdə "Novruz – bahar festivalı” keçiriləcək.
 
Festival günlərində Qoşa qala qapısı meydanında "Meydan bazarı” təşkil olunacaq. "Meydan bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq. Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq. Rəngarəng konsert proqramında mahir sənətçilərin ifasında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək.
 
"Novruz – bahar festivalı” çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində ustad dərsləri təşkil olunacaq.
 
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, martın 20-də "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçiriləcək. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbirdə qonaqlar rəngarəng konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər.
 
Tədbir zamanı qonaqlar, həmçinin müxtəlif ölkələrin mədəniyyətini əks etdirən tətbiqi sənət əsərləri, suvenirlər, açıqcalar, milli mətbəx nümunələri ilə tanış ola, Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biləcəklər. Müxtəlif xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar yaşadığımız "Multikulturalizm ili”nə töhfə vermiş olacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook