SON XƏBƏR

İcarədarlar: “Sumqayıt” Ticarət Mərkəzində bizdən məcburi pul yığırlar”

Fevral 22
00:46 2023
Şikayətçilər Nizami İsgəndərovun onları ticarət mərkəzdən qovmaqla hədələdiyini deyilər

Bir qrup icarədar "Sumqayıt” Ticarət Mərkəzinin (Keçmiş Univermaq) sahibi, sabiq millət vəkili Nizami İsgəndərovdan narazılıq edir.

Şikayətçilər Meydan TV-yə deyiblər ki, Nizami İsgəndərov onlardan Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə məcburi pul yığır.

Adlarının açıqlanmasından ehtiyat edən icarədarlar bildirirlər ki, sahibkar ticarət mərkəzində yerləşən qızıl-zinət əşyaları mağazalarının icarədarlarının hərəsindən 100, dərzi və parça satışı ilə məşğul olanlardan 30, digər mağaza sahiblərindən isə 50 manat toplayıb.

"Sumqayıtda qızıl və qızıl məmulatları satan mağazalar ancaq "Sumqayıt” Ticarət Mərkəzində yerləşir. Görün, hərədən 100 manat toplayanda nə qədər pul edir. Hətta ticarət mərkəzini təmizləyən xadimələrdən də hərəsindən 10 manat pul alıb. Burada təxminən 250-300 arasında dükan var. Hamısından məcburi pullar toplanır. Bəlkə, birinin imkanı yoxdur, yaxud da özü könüllü yardım edəcək? Pul verməyənləri də mağazadan çıxarmaqla hədələyir. Çünki bilir ki, mağazanı itirməmək üçün istədiyi məbləği verəcəyik”,- şikayətçilərdən biri deyir.

Adlarını açıqlamaqdan ehtiyat edən icarədarların sözlərinə görə, uzun illərdir ki, bu ticarət mərkəzində mağaza kirayələyiblər. Alıcıların hamısı da onları bu ünvanda bilir.

"Bizim burada 1988-ci ildən dükanımız var. Mağazadan çıxsaq, çoxlu müştəri itirə bilərik. Nizami İsgəndərov da bunu yaxşı bilir və bizi buradan çıxarmaqla hədələyir. Deyir ki, pulu verməsəniz, sizi çıxararam. Çıxardığı adamlar da az deyil”, – icarədar deyir.

Şikayətçilər deyirlər ki, ticarət mərkəzində icarədarların mağazalarından kənar işləyən kondisionerlərin aylıq elektrik sərfiyyatını da onlar ödəyir: "Bu adam ağılasığmaz hərəkətlər edir. Dəhlizlərdə olan kondisonerlərin pulunu da yerpuluna daxil edib. Hər ay işıqpulunu da bizdən yığır. Sığortapulu yığırlar, heç qəbz də vermirlər. Mağazanın doğrudan sığortalandığına şübhə edirik. Elə bir şərait yaradıblar ki, burada heç kim dillənə, səsini çıxara bilmir. İcarədarlar etiraz edə bilmirlər. Burada kimsə bir kəlmə söz desə, çıxarır. Sonra da yer tapmaq problem olur”.

"Ticarət mərkəzində yanğın olanda hamıdan pul yığılmışdı. 44 günlük müharibədə də pul yığılmışdı. Çörək qazandığımız yer olsa da, çox haqsızlıqlarla üzləşirik. Pandemiya vaxtı icarədarlardan yerpulu tələb edirdi. Deputatlığa namizədliyini verəndə hamıdan ən azı 15 səs istəmişdi. Məcburi səs vermək üçün məntəqələrə göndərirdi. Bu adam açıq-aşkar hərəkət edir. Heç kimdən də qorxub çəkinmir”, – şikayətçi deyir.

"Sumqayıt” Ticarət Mərkəzinin maliyyə şöbəsindən Meydan TV-yə bildirilib ki, şikayətlər əsassızdır: "Pul toplama kampaniyası könüllüdür, kim nə qədər istəyib, o qədər də pul verib. Kondisonerlərin elektrik enerjisi puluna gəlincə, icarədarlara təqdim etdiyimiz müqavilədə əlavə var ki, kommunal xərclər də daxil olmaqla, yerpulu müəyyənləşdirilir”.

Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-2010-cu illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olub. Bir müddət öncə büdcə təşkilatlarında çalışanlar yerli icra hakimiyyətlərindən Türkiyədəki zəlzələyə yardımın məcburi olması ilə əlaqədar narazılıq edirdilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook