Holland elçi türkün əlini öpüb ölkəsini xilas etdi
Mart 16
10:28
2017
Son vaxtlar Niderlandla Türkiyə arasında diplomatik böhran yaşanır.
Kult.az türk mətbuatına istinadən türklərlə hollandların münasibətlərinin yaranma tarixi haqda yazını təqdim edir:
"16-cı əsrin ikinci yarısında İspaniyaya qarşı üsyana qalxan hollandlar Avropada kifayət qədər tanınmadıqlarına və istədikləri dəstəyi ala bilmədiklərinə görə Osmanlıya pənah gətirmişdilər.
Hollandiyalılar əvvəlcə Habsburqların Qərb qolu olan İspaniya Krallığına qarşı üsyan etdilər. Oranj şahzadəsi Uilyam 1568-ci ildə üsyana başçılıq etdi. Hollandlar ispanlara qarşı mübarizə planları qurarkən kənardan dəstəyin vacib olduğunu bildiklərinə görə fərqli bir dindən olmasına baxmayaraq, daha əvvəl Habsburqlara qarşı Fransa və İngiltərəyə kömək edən Osmanlı İmperiyasına müraciət etdilər. Osmanlı Hollandiyaya dərhal kömək edə bilmədi. Osmanlı rəhbərliyi 1570-ci ildə Kiprin fəthindən sonra İspaniya məsələsini həll etməyi planlaşdırırdı. Baş vəzir Sokullu Məhməd Paşa 1574-cü ilin əvvəllərində yazdığı məktubda araya Kiprin fəthi və Lepanto fəlakəti girdiyinə görə hollandlara kömək edə bilmədiklərini, ancaq 1574-də Tunisə yürüş edəcəklərini və bu məsələ həll edildikdən sonra hollandlara qurudan və dənizdən yardım edəcəklərini bildirir. Bundan sonra ispanlar hollandları türklərlə əməkdaşlıqda günahlandırdılar. Holland protestantlar isə türklərlə əməkdaşlığı nəinki inkar etmədilər, hətta bundan şərəf duyduqlarını bildirdilər. Türk bayrağındakı ayparadan ruhlanaraq papaqlarında daşıdıqları kokardanın üzərində "Papaçı olmaqdansa türk ol” yazılmışdı. Kilsədə, döyüşlərdə düşmənə qarşı bu şüardan istifadə edirdilər.
Hollandlar Hindistan və Atlantikada ticarətə önəm verirdilər. Hollandiya 1581-ci ildə müstəqilliyini elan etməsinə baxmayaraq, hələ tanınmırdı. Onlar böyük ticarət potensialına rəğmən, Aralıq dənizinə öz bayraqları ilə deyil, fransız və ingilis bayraqları altında ticarətlə məşğul olurdular. Hollandiya 1609-cu ildə İspaniya ilə atəşkəs imzaladıqdan dərhal sonra Osmanlı sultanı tərəfindən tanınmaq və Aralıq dənizində ticarətlə məşğul ola bilmək üçün danışıqlara başladı. 1612-də elçi kimi vəkil Kornelis Haqa İstanbula gəldi. Lakin ticarət imtiyazlarını qurban vermək istəməyən İngiltərə, Fransa və Venesiya Haqaya qarşı hər cür təxribata əl atdılar. Elçini himayəsinə alan Xəlil Paşa Haqanı qayığa mindirib Üsküdara keçirdi və Osmanlı sarayında böyük nüfuzu olan Şeyx Əziz Mahmud Hüdayinin əlini öpdürdü. Bunu bəyənən şeyxin tövsiyəsi ilə Haqa Topqapı Sarayında padşah Birinci Əhmədin hüzuruna qəbul edildi. Haqa Sultan Əhmədin hüzurunda "Şah, bizi qulluğuna qəbul edib, gəmilərimizi başqa bayraqla üzdürmək minnətindən xilas etsəniz, məmnun olarıq”, - dedi. Bundan sonra Osmanlı rəhbərliyi Hollandiyaya istədikləri ticarət imtiyazlarını verdi.