“Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirilib
Aprel 19
01:09
2022
Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatı və M.M.Xəzani adına MTİT Gimnaziya ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə açan M.M.Xəzani adına MTİT Gimnaziya ərazi partiya təşkilatının sədri Nazimə Şamıyeva bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşib, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.
Məktəbin müəllimləri Ruhəngiz Hüseynova, Sərvan Niftəliyev, Nəsimi Əliyev və başqaları da çıxışlarında Ulu Öndərin öz xalqına olan inamından, onun Azərbaycan xalqına bağlılığından söhbət açıblar.
YAP Füzuli rayon təşkilatının əməkdaşı İlgiz Məmmədov bildirib ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.