Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə “Nikolya Şokolad Muzeyi”nin sərgisi açılıb
Fevral 22
10:54
2016
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə məşhur "Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdirilir.
Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.
Sərginin açılışında çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, son günlər Gəncə şəhərində əlamətdar hadisələr baş verir. Gəncə şəhəri təhsilin, mədəniyyətin beşiyidir və bu sərgidəki əsərlərin hər biri yüksək zövq və incəliklə işlənib.
"Nikolya Şokolad Muzeyi”nin müəllifi və yaradıcısı Nikolay Popov sərginin təşkilində Bakıdakı Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib və qeyd edib ki, hər dəfə Azərbaycana gələndə yeni əsərlər yaradır. Gəncədə təşkil olunan sərgi üçün isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi hazırlanıb: "Bu əsərləri Gəncə şəhərinin hədsiz müsbət aurasından, şəhərin tarixindən ilhamlanaraq yaratdım. Ümid edirəm ki, sərgiyə gələn minlərlə ziyarətçinin qəlbində uzun müddət sevinc hissi yaşayacaq”.
"Nikolya Şokolad Muzeyi”nin direktoru Leyn Andrey isə sərginin təşkilini 4000 illik tarixi olan Gəncəyə fantastik səyahət adlandırıb və bütün komandanın əməyi sayəsində belə bir ekspozisiyanın ziyarətçilərə təqdim olunduğunu bildirib.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 min nəfəri keçib. Sərgi 2015-ci ilin may-iyun aylarında isə Bakıda təqdim olunmuşdu.
Kütləsi 65 kiloqram olan "Qız qalası”, 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan "Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır.
Qeyd edək ki, Nikolay Popov sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri də keçəcək.
Sərgi martın 26-dək Gəncədəki Heydər Əliyev Mərkəzində davam edəcək.
Qlobal.az