Həyatın anını donduran insan: gənc rəssam- heykəltaraş Sənan Cəfərov
Oktyabr 14
11:56
2016
Müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
məzunu olan, gənc, istedadlı rəssam Sənan Cəfərovdur. Onun emalatxanasında oldum.
Sanki tam fərqli dünyaya düşdüm və "daşlasmış” insan obrazları ilə yaxından
tanış olmaqla xüsusi zövq aldım. Sənan gənc olmasına baxmayaraq, artıq bir sıra
sayılan- seçilən sərgilərdə öz eksklüziv əsərləri ilə çıxış edərək, istedadlı gənclər
sırasına öz adını da daxil edə bilmişdir.
Rəssam olmaq üçün...
- Sənan bəy, istedadlı rəssam- heykəltəraş
olmaq üşün fitri istedad gərəkdir, yoxsa uzun müddət ciddi məşğuliyyət?
- Gözəl
sualdır. Zənnimcə, rəssam doğulmaq gərəkdir. Təbii ki, istənilən şəxs olduqca
uzun müddət məşq və ya gərgin zəhmət hesabına müəyyən peşəkarlığa yaxın nailiyyətlər
əldə edilə bilər. Amma fitri istedada gəlincə, bu insanda doğulduğu gündən
olmalıdır.
- Elə isə, Sənan bəy özünü hansı qismə aid edir; gərgin
zəhmət hesabına əldə olunmuş nailiyətli, yoxsa fitri istedalı rəssama?
- Əlbəttə
ki, yaradıcılığa duyğu məndə əvvəlcədən olub. 11- ci sinifdə ikən rəssamlığa
güclü maraq göstərərək, yağlı boya ilə əsərlər çəkməyə başladım və məktəbi
bitirdikdən sonra artıq Akademiyaya qəbul olunmağım haqqında qərar vermişdim. Daha
öncədən Rəssamlıq Qimnaziyasında təhsil aldım, sonra Rəssamlıq Akademiyasını da
müvəffəqiyyətlə başa vurdum. Akademiyanı bitirdiyim artıq 5 ildir. Və
gördüyünüz kimi, hal- hazırda bu kiçik emalatxanada öz düşüncələrimə,
hissiyatıma və təfəkkürümə uyğun əsərlər yaradıram.
Zaman və sifarişçi istəyi...
- Bu möhtəşəm əsərləri sırf sərgi üşün
hazırlayırsınız?
- Xeyr. Əfsuslar
olsun ki, maddi çatışmamazlıq məni şəxsi sifarişlər üzərində dayanmağa sövq
edir. Və sərgi üçün hər hansı hazırlayacağım əsər üşün ayıracağım zaman məhz
sifarişçinin istəyinə uyğun obraz üçün sərf olunur. Bu məni yaradıcılıq
karreyaramda addım atmaqdan xeyli geri salır.
- Sifarişlər adətən hansı istəklərə köklənir?
- İstənilən
şəxs öz arzu və istəyinə uyğun hər hansı
heykəl obrazını sifariş edə bilər.
- Yəni buraya bağ evlərində dekor kimi heykəl
fiqurlar və ya minatür kiçik insan bütlərinin hazırlanması da aid ola bilər. Elə
deyilmi?
- Bəli.
Siafarişlər insanların iç dünyasına bağlı olur, onların arzu və istəkləri əsasında
hazırlanır. Təbii ki, burada mənim ruhum önəmlidir; hər hansı bir obraza öz
daxili dünyamdan pay qatıram.
- Yaradıcı insanlar "vergili” olur deyirlər. Özünüzdə
hər hansı bir möcüzəvi qüvvə hiss edirsinizmi?
Yuxuda yaranan ideya...- Bunu mənə
çox insan deyir. Amma mən özümdə daha çox yuxularla bağlı qəribəlik aşkar etmişəm.
Misal üçün, "İnsan beyni” kiçik minatür heykəli mən yuxuda "kəşf etdim”. Təsəvvür
edin ki, gecə yuxuda ikən beynimə gələn qəribə ideya məni elə həmin vaxt
birbaşa emalatxanaya gələrək, heykəl obrazı üzərində çalışmağa sövq etdi. Bu
qeyri- adi bir hadisədir. Ümumiyyətlə, hər hansı bir ideya beynimə gəldikdə, mən
onu reallaşdırmamış ruhi azadlıq tapa bilmrəm.
- Ruhi azadlıq haqqında söz açdınız. Sənan bəy hərbi
qulluqda olubmu?
- Bəli.
Murovda qulluq etmişəm.
- Əfsanəvi qəhrəman Mixaylonun dadına çatan rəssammlıq
bacarığı sizin də karınıza çatdımı?
-
(Gülür). Yox, mən deyərdim ki, hərbidə yaradıcılıqla məşğul olmaq qeyri-
mümkündür. Mən sadəcə kiçik dəftərçədə xırda eskizlər və cızma- qara etməyə
zaman tapırdım. Ruhi azadlıqdan burada söz gedə biməz, amma istənilən halda rəssam
da vətənə qulluq göstərməlidir. Bu onun müqəddəs borcudur.
"Şah əsər”...
- Hər bir əsərin öz "şahı” vardır. Sənan bəyin "şah
əsəri” hesab ediləcək bir heykəl nümunəsi varmı?
- Əlbəttə
var. Keçən il dövlət tərəfindən heykəltəraşların sərgisi təşkil edildi. Mən bu
sərgidə qalib oldum. Ən əsası isə daha çox sevdiyim əsərimlə diploma layiq
görüldüm. Bu əsəri dünya üzərində hakimiyyət ola biləcək tolerantlığa və bərabərliyə
həsr etdim. Qab üzərində düşünüb, quraşdırdığım 5 din və irqə aid nümunələri əks etdirdim. Burada buddizm,
xristianlıq, yəhudi, müsəlman dini öz əksini tapıb. Bir birinə söykənərək,
dayanıqlı bütlər əslində böyük birliyi təcəssüm edir. Təsəvvür edin ki, əsər o
qədər bəyənildi ki, Azərbaycan Respublikası tərəfindən Yunesko muzeyinə hədiyyə
edildi.
- Bu nailiyyət sizdə yeni stimul yaratdımı?
- Əlbəttə, Yuneskonun tarixi kitabında ismimin
olması mənim üçün olduqca qürurduyucu bir hissdir. Bu uğurdan sonra Avstriyada
keçirilən sərgiyə qatıldım. Bundan əlavə zaman- zaman Əzizbəyovda keçirilən
"Atletlər” kəndində sərgi və Bulvar ərazisində ölkəmizdə Olimpiadanın şərəfinə təşkil edilmiş sərgiyə
qatılmağım məni öz karyeramda bir pillə də ucaltdı.
- Sənan bəyə özəl bir sual; ailəlisinizmi?
- Xeyr,
subayam.
- Sizin fikrinizcə yaradıcı insan hökmən öz sahəsinə
uyğun insanla ailə qurmalıdır, yoxsa bu tamami ilə başqa bir peşə sahibi də ola
bilər?
- Əlbəttə də ki, ailə ilk növbədə ülvi hisslərə
bağlıdır. Ümumiyyətlə mənim fikrimə gəldikdə isə, zənnimcə yaradıcı insan məhz
öz sahəsindən olan şəxslə ailə qurmalıdır.
Tam anlayış...
- Bunun səbəbini bizə açıqlaya bilərdinizmi?
- İzahını
belə açıqlaya bilırəm ki, yalnız yaradıcı insan bütün günü emalatxanada çalışan
insanı anlaya bilər. İstər müğənni olsun, istər yazıçı, öz çalışdığı dönəmində
heç bir zaman digər peşə sahibləri tərəfindən tam anlamla qarşılanmır. Yalnız
hazır əsər izləyicini valeh edir, cuşa gətirir ki, onun əziyyətli "hazırlanma”
prosesi haqqinda bir çoxları ümumiyyətlə düşünmür.
Misal
üçün, biz ailədə iki qardaşıq. Qardaşım tamami ilə fərqlidir və yaradıcılığım
onu bir o qədər maraqlandırmır. Bu işin ilkin mərhələsindən başdan ayağa qədər
yalnız sənəti sevən, onu anlayan, dəyər verən və ən əsası peşəkar insanlar
maraqlana bilər.
- Ailənizdən bəhs etmişkən, sizə doğmalarınızla bağlı
sual ünvanlamaq istərdim. Ailənizdə kimsə şeiriyyata və ya rəsmə hər hansı biz
maraq göstəribmi?
- Xeyr.
Atam vaxti ilə sürücü olaraq çalışıb, anam- evdar xanımdır. Yalnız öz yaşıdım
olan 26 yaşlı əmim oğlu Fəxrəddin Cəfərov bacarıqlı zərgərdir.
- Yaradıcılığınızla bağlı hansısa qeyri- adi bir
layihədə çalışmısınızmı?
- Fikrət
Qocanın şeirinə çəkilmiş klipdə obraz olaraq çəkilmişəm. Ümumiyyətlə isə,
maraqlı təklif layihələri gəlsə, imtina etmərəm.
Əsas amil...
- Necə düşünürsünüz, heykəltaraşın işində əsas
hansı amil olmalıdır; güc, zəhmət, yoxsa təfəkkür?
- Dəzgahda
çalışmaq bacarığı, süzülmüş qel ilə işləmək təbii ki güc tələb edir. Heykəltəraşlığın
texniki tərəfləri daha çoxdur. Və əgər, əsas güc- qüvvə sifarişə yönəlirsə,
müsahibənin əvvəlində söylədiyim kimi, yaradıcı insan üçün olduqca çətin olur.
Və mən, bir gənc heykəltəraş kimi, bu ilin sonun qədər sifarişlərə son qoyaraq,
tam öz üzrəimdə, düşündüyüm əsərləri yaratmağa zaman ayıracam. Ola bilsin ki, bundan
sonra artıq çox az və nadir hallarda sifariş üzərində çalışdım.
Müəllimlərin əziyyəti...
- Əldə etdiyiniz uğurlarda sözsüz ki, müəllimlərinizin
rolu böyükdür. Hansılarının adını çəkə bilərdiniz?
- Müəllimlərimin
əziyyəti üzərimdə hədsizdir. Mən Sevil Süleymanovaya, Tokay Məmmədova, Nəriman
Məmmədova, Ömər Eldarova, Zeynalabdin müəllimə və digərlərinə öz hədsiz təşəkkürümü
bildirirəm.
Ürəklərinin səsi ilə...
- Və son olaraq, gənclərimizə öz istək və
arzularınızı söyləməyinizi rica edərdim.
- Mən öz
yaşıdlarıma və məndən daha gənc olan şəxslərə məsləhət edərdim ki, hər kəs
sevdiyi və bacardığı işin arxasınca getsin ki, ölkəyə xeyirli mütəxəssis və peşəkar
kimi yetişə bilsin. Əgər peşəyə, çalışdığı işə sevgi olmasa, o işin arxasınca
getməyə dəyməz. Hər kəs əvvəlcədən öz ürəyinin səsinə sadiq qalaraq, bacaracağı
və öhdəsindən gələn sahəyə yönəlsə, firavanlıq birə- beş artar.
Aynur Nurlu