SON XƏBƏR

“Hər şey yazırlar, nə məhdudiyyət?” – Səməd Seyidov

Noyabr 14
16:45 2016
«Azərbaycanda internet tam azaddır».
 
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov belə deyir. O, «Freedom House» və başqa beynəlxalq qurumların eyni istiqamətdə yanaşmalarından yorulduğunu bildirir.
 
«Freedom House» noyabrın 14-də açıqladığı internet azadlığına dair hesabatında Azərbaycanı «qismən azad» ölkələr siyahısına salıb. Amma deputat bu qurumu tərəfli və qərəzli olmaqda, ikili standartlarda günahlandırır. O bu cür fikirlərin söz azadlığına, insan haqlarının inkişafına yardımı olmayacağını düşünür:
 
– Dünya dəyişir, problemlər başqa istiqamətdədir, bunlar elə internetdən, söz azadlığından, onların məhdudlaşdırılmasından danışırlar. Sizə tam səmimi deyirəm ki, bu gün Azərbaycanda internet tam açıqdır. Özü də çox sürətlidir. Mən, Allaha şükür, işimlə əlaqədar dünyanın müxtəlif ölkələrində olmuşam.
 
–Səməd müəllim, yalnız beynəlxalq təşkilatlar deyil, yerli ekspertlər də internetin qismən azad olması qənaətindədirlər, internet istifadəçilərində daxili senzura olduğunu, fəal istifadəçilərə təzyiqlər göstərildiyini, həbs olunduqlarını bildirirlər. Bu haqda nə deyə bilərsiniz?
 
– Mən bilmirəm kimdə daxili senzura var. Bilmirəm. Ola bilsin, kimsə nədənsə çəkinir, ancaq tam səmimi deyim, hər bir insan internetdə, azad mətbuatda fikir yazanda milli, mədəni dəyərlərə, əxlaq normalarına uyğun davranış göstərməlidir. Azından, bu, bir tələbdir, ehtiyacdır. Bütün bu mədəni, mənəvi tələbləri «samosenzura» kimi təqdim edib, «nə istəyirəm yazacağam» yanaşması dünyanın heç yerində yoxdur. «Facebook»da, «Twitter»də istədiyinizi yazın, 10 dəqiqə sonra postunuz oradan götürüləcək, üstəlik hesabınız bağlanacaq. Azərbaycanda belə şey yoxdur. Ancaq heç kim o sosial şəbəkələri ittiham etmir.
 
Əksinə, bu yaxınlarda «Facebook»u məhkəməyə verdilər ki, niyə faşistlərin postlarını vaxtında pozmayıblar, niyə vaxtında antifaşist propoqandası aparmırlar.
 
Necə olur ki, bütün dünyanı əhatələyən sosial şəbəkələrdə xüsusi nəzarət tətbiq olunmağa başlayır, Azərbaycanda bir insanın fikirlərini milli-mənəvi-mədəni tələbləri nəzərə alaraq ifadə etməsinə «samosenzura» deyirlər?
 
– Amma söhbət həm də siyasi proseslərə baxışlarda, hakimiyyətin ünvanına tənqidi fikirlər yazarkən daxili senzuranın işə düşməsindən gedir.
 
– Harada «samosenzura» görmüsünüz? Nə vaxt olub sizə danışmayım? Mən də bu dövlətin parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədriyəm. Onda mən də nədənsə çəkinərdim. Düşünərdim ki, vəzifəm var, birdən nəsə deyərəm, yaxşı olmaz. Niyə bunu misal çəkmirsiniz?Hansısa bir insanın, hansısa sıravi bir insanın… Axı, mən böyük vəzifələr daşıyan insanam.
 
– Axı, siz çıxışlarınızda hökumətin əleyhinə danışmırsınız, onun fəaliyyətini azacıq da olsa, tənqid etmirsiniz, nədən çəkinməli, niyə narahat olmalısınız? Əksinə, hökumətə dəstək verirsiniz.
 
– Hökumət düzgün iş aparırsa, millətin maraqlarını ödəyirsə, mən süni şəkildə onu niyə tənqid edim? Bu, düzgün deyil, axı. Mən mövqeyimi istənilən mətbuata açıq şəkildə, xaricdə yox, öz kabinetimdə oturaraq ifadə edirəm. Hansısa məhdudiyyət görmürəm. İnternetlə bağlı bircə məhdudiyyət var, milli-mənəvi-əxlaqi məsələlərlə bağlı.
 
– Yəni Siz internetin Azərbaycanda qismən yox, tam azad olduğunu deyirsiniz?
 
– Bütün günü səhərdən axşama kimi müxalif fikirləri oxuyuruq. Açın «Azadlıq» qəzetini, «Yeni Müsavat» qəzetinin və ya başqa yüzlərlə başqa saytları, biri də qadağan edilməyib, biri də bloklanmayıb. Açıq şəkildə təhqir də edirlər, bəzən açıq tənqid də edirlər. İndi jurnalistikadır, kiminsə səviyyəsi aşağıdır, kiminsə səviyyəsi yüksək. İcra başçıları, deputatlar, rəsmi şəxslər, dövlət başçısı haqda hər şey yazırlar. Burda nə məhdudiyyət? Harada bu şəxslər haqda nəsə yazdılar, sonra həmin saytı qadağa etdilər, ya onu bağladılar? Yoxdur belə şey. Ola da bilməz. İnternet mediası azaddır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook