Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi pullar məlum olub
Aprel 27
11:51
2022
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi vəsaitlərin bir qismi məlum olub.
"Report”un əldə etdiyi məlumata görə, cinayət işinin materiallarında olan 21 yanvar 2021-ci il tarixli məhkəmə-mühasibtlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Neftçala RİH tərəfindən 282 210 "Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci ildə keçirilən tenderdə "Master-İnşaat-Servise” MMC qalib gəlib.
Bundan başqa, Neftçala RİH tərəfindən 282 210 "Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün 2018-ci ilin yanvar ayında 276 471,04 manat dəyərində keçirilən tender nəticəsində "MASTER-OFİS” MMC qalib gəlib.
Daha sonra çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 45 nəfər işçi üçün 276 471,04 (ƏDV ilə birlikdə) manat vəsait "MASTER-OFİS” MMC-in bank hesabına köçürülüb.
Cinayət materiallarına əsasən, Neftçala RİH aparatının saxlanılmasına dövlət büdcəsinin rayon üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin 20 avqust 2017-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama 2011-ci ilin iyul ayından 2017-ci ilin iyul ayına kimi olan dövrü əhatə etməklə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılıb. Yoxlama ilə aşkarlanan 172 97,92 manat məbləğində çatışmazlıq, artıq və əsassız ödənişlərin yoxlamadan sonrakı dövrdə büdcəyə bərpası təmin edilib.