Həbs olunan icra başçılarının sərvəti belə müsadirə olunacaq - Rəsmi
May 18
14:45
2020
Azərbaycanda həbs olunan məmurların topladığı var-dövlət hər kəsi heyrətə gətirəcək qədər çoxdur. Ötən ildən başlayaraq həbs olunan icra başçılarının gizli kamera ilə çəkilmiş "fəaliyyətlərindən” aydın olur ki, onlar bir həftə ərzində 200-300 min manat arası qanunsuz var-dövlət əldə edə bilirlər. Təsadüfi deyil ki, hətta hazırda vəzifədə olan icra başçılarının da xaricdə milyonlarla dollarlıq əmlak və biznesi üzə çıxır.
"Yeni Müsavat” qəzeti bununla bağlı Maliyyə Nazirliyinə sorğu göndərib.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən. məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.
Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.
Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, həmin əmlakların satışından əldə edilən vəsaitlər müvafiq qaydada dövlət büdcəsinə köçürülür: "Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci "Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.
Maraqlıdır, son 5 ildə bu mənbədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Nazirlikdən verilən məlumata görə, bu mənbədən dövlət büdcəsinə
- 2016-cı ildə - 2 milyon 785 min manat
- 2017-ci ildə - 605 min manat
- 2018-ci ildə - 9 milyon 144 min manat
- 2019-ci ildə - 14 milyon 720 min manat daxil olub.
Qeyd edək ki, bu rəqəmlər ötən il həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovdan müsadirə olunan pul və əmlakı əhatə etmir. Bu il həbs olun 3 icra başçısını da nəzərə alsaq, yəqin ki, 2020-ci il üzrə dövlət büdcəsinə bu maddə üzrə daxilolmalar daha böyük həcmləri əhatə edəcək.



