Hansı dövlət müəssisələri özəlləşdirilə bilər?
Yanvar 27
13:07
2016
Azər Mehtiyev: "Ölkənin kommunal sektorunda olan müəssisələr- "Azərsu”, "Azəriqaz”, "Azərişıq”, "Azəristiliktəchizat” və digərləri uzunmüddətli idarəetməyə verilə bilər”
Dövlət büdcəsinin gəlirlərinin azalması və bunun fonunda valyuta ehtiyatlarının tükənməsi bəzi dövlət qurumlarının özəlləşdirilməsi məsələsini də gündəmə gətirib.
Özəlləşdirilməsi təklif olunan müəssisələrdən əsasən ölkənin kommunal sektorunda inhisarçı şirkətlər olan "Azərsu”, "Azəriqaz”, "Azərişıq”, "Azəristiliktəchizat” və ayrı –ayrı qurumların nəzdindəki MMC-lərin adı ön plandadır.
İqtisadçı ekspert Azər Mehtiyev "Yeni Müsavat”a açıqlamasında deyib ki, dövlət mülkiyyətinin sahibkarlara tam satılması özəlləşdirmənin yalnız bir formasıdır: "Daha geniş yayılmış formalarından biri də həmin dövlət müəssisələrinin uzunmüddətli idarəetməyə verilməsi məsələsidir. Əgər xatırlayırsınızsa, vaxtilə "Bakıelektrikşəbəkə” bir türk şirkətinə uzunmüddətli idarəetməyə verilmişdi.
Bu həm də imkan verir ki, həmin qurumların idarəedilməsinə biznes təcrübəsi gətirilsin, investorlar bu sahəyə vəsait qoysun və orada dövlətin yükü azalsın”.
Ekspertin sözlərinə görə, bu sahəyə əsasən xarici investorlar cəlb edilməlidir ki, onların təcrübəsi tətbiq edilməklə ölkəmizdə də kommunal sektor canlansın: "Bu baxımdan xüsusən, ölkənin kommunal sektorunda olan müəssisələr- "Azərsu”, "Azəriqaz”, "Azərişıq”, "Azəristiliktəchizat” və digərləri uzunmüddətli idarəetməyə verilə bilər. Həm xarici investorların buraya vəsait yatırması ilə dövlət daha çox qənaət etmiş olar, həm də bu sahədə şəffaflıq, hesabatlılıq formalaşar. Uzun müddətdir dövlət mülkiyyətində olan və büdcədən külli miqdarlda vəsait ayrılan bu sahədə şəffaflıq və hesabatlılıq yoxdur. Son dərəcə bədxərc bir sistem qurulub. Nəticədə, dövlət bu qədər vəsaitlə kommunal sistemi canlandıra bilməyib”.
Azər Mehtiyev onu da bildirdi ki, bəzi müəssisələr tam özəlləşdirilməyə çıxarıla bilər, lakin bu proses şəffaf şəkildə həyata keçirilməlidir: "Vaxtilə gizli subsidiyalaşmanı aradan qaldırmaq üçün, neft-kimya sənayesi müəssisələrini Dövlət Neft Şirkətinin tərkibinə qatdılar. Bu gün neft-kimya sənayesi müəssisələri özəlləşdirilməyə buraxılmalıdır. Daha çox xarici investorlara satılmalıdır ki, onlar burada müasir biznes təcrübəsi əsasında məhsul istehsal edə bilsinlər. Bu müəssisələr sonrakı dövr ərzində ayrı-ayrı dövlət qurumlarının , nazirliklərin nəzdində yaradılmış məhdud məsuliyyətli cəmiyyətlər var ki, onların təsisçiləri qismən dövlətdir. Bütün bu müəssisələr özəlləşdirilməyə çıxarılmalıdır. Bu cür şirkətlər ən müxtəlif qurumlarda, nazirliklərdə mövcuddur. Bəzi komitələrin nəzdində tikinti şirkətləri yaradılıb. Lakin özəlləşdirmə prosesi şəffaf şəkildə keçirilən tenderlə müşayiət olunmalıdır ki, xarici investorlar da bu prosesdə maraqlı olsunlar”.