Hakim milyarderin jurnalisti həbs etdirmək istəyini rədd etdi - Təfərrüat
Dekabr 02
12:24
2022
Rusiya vətəndaşı olan azərbaycanlı milyarder, bugünlərdə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağrılaraq dindirilən Fərhad Əhmədov bir jurnalistin həbs olunması tələbiylə məhkəməyə üz tutub.
"Azadlıq Radiosu” xəbər verir ki, buna səbəb onun haqqında hazırlanan reportajdır.
Bildirilib ki, F.Əhmədov "Şimal region” internet televiziyasında yayımlanan reportaja görə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, kanalın rəhbəri Elçin İsmayıllının CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinib, həbs olunmasını tələb edir.
Sözügedən materialda İsmayıllıda Aşıq Bayram gölü ətrafında iki hektar torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin icarədarı Ramal Vəliyevin milyarderə qarşı şikayətindən bəhs olunur. O, iddia edir ki, ərazinin satışıyla bağlı aralarında 2022-ci ilin aprelində ilkin müqavilə imzalanıb. Onun sözlərinə görə, sonradan F.Əhmədov öhdəliklərinə əməl etməyib, nəticədə o, ciddi ziyana düşüb.
F.Əhmədov ilkin müqavilə imzalandığını təsdiqləsə də, iddia edir ki, Vəliyevin sənədləri qaydasında olmayıb. Yəni, əksinə, onun özü öhdəliyə əməl etməyib. Kanal da bu məsələləri araşdırmadan onu ittiham edib, işgüzar nüfuzuna zərbə vurub, milyarder bildirir.
F.Əhmədov şikayətini jurnalistin yaşadığı yer üzrə İsmayıllı rayon Məhkəməsinə təqdim edib.
Jurnalistə qarşı məhkəmə iclasına F.Əhmədov özü gəlməyib, onu vəkili Adil Dadaşov təmsil edib. Vəkil iddianı müdafiə edərək, şikayətin icraata götürülməsini və Elçin İsmayıllının həbsini istəyib.
İsmayıllı isə əksinə, deyib ki, sahibkar Vəliyevin və sənədlərin əsasında sözügedən materialı hazırlayıb. Şikayət əsassızdır, məhkəmə ümumiyyətlə, onu icraata götürüb baxmamalıdır.
Məhkəmədə Ramal Vəliyev də iştirak edib, məhkəmə onu dindirib. O təsdiqləyib ki, deyilənləri internet televiziyasına özü danışıb, bu gün də milyarderdən şikayətçidir, çünki onu aldadıb, ziyana salıb.
Hakim İlqar Hüseynov noyabrın 28-də bütün tərəfləri dinləyəndən sonra milyarderin şikayətini icraata götürməkdən imtina edib.
Fərhad Əhmədovun bu qərardan şikayət verib-verməyəcəyi bəlli deyil.