SON XƏBƏR

Hafiz Məmmədova qarşı 10 milyonluq “dava”; “Bank of Azerbaijan” bağlana bilər

Dekabr 08
10:44 2015
"Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun bankının lisenziyası ləğv oluna bilər. Artıq "Bank of Azerbaijan” ASC-nin lisenziyasının ləğvi və iflas proseduruna başlanması üçün Mərkəzi Banka müraciət olunub.
 
Xeyli vaxtdır ki, bankdan əmanətlərini ala bilməyən bir neçə müştərinin hüquqlarını müdafiə edən İradə Cavadova dünən Mərkəzi Banka məktub göndərib.
 
Bu barədə "Azadlıq”a Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İrada Cavadova məlumat verib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslərin kimliyini və sayını açıqlamasa da, bildirib ki, "Bank of Azerbaijan”ın onlara ümumilikdə 87 min manat borcu var. Bankla bu müştərilər arasında əmanət müqaviləsinin vaxtı aylar öncə başa çatsa da, nə əmanətlər, nə də onların faizi qaytarılmayıb.
 
"Hüquqlarını müdafiə etdiyim şəxslərlə "Bank of Azerbaijan” arasında olan müqavilələrin müddəti bitdiyi üçün banka müraciət etdim ki, müqavilə üzrə əmanət məbləğini və ona hesablanmış faizlər geri qaytarılsın. Yeddi aydan çoxdur ki, "Bank of Azerbaijan” müxtəlif bəhanələr gətirərək, yaranmış əmanət məbləğini və ona hesablanmış faizləri geri qaytarmaqdan boyun qaçırır. Hər dəfə əmanətlərin qaytarılması üçün müraciət edəndə bank rəhbərliyi maddi sıxıntılar içində olduqlarını, onlara vaxt verilməsini xahiş edir və beləliklə də pulu ödəməkdən imtina edir. "Bank of Azerbaijan”ın öhdəliyindən imtina etməsi istər müqavilə, istərsə də mövcud qanunvericiliyin tələblərini ciddi şəkildə pozmaqdadırlar”, – deyə İradə Cavadova bildirib.
 
Vəkil deyir ki, "Bank of Azerbaijan”ın onun hüquqlarını müdafiə etdiyi şəxslərlə yanaşı, çoxsaylı başqa əmanətçilərə də borcu var. İradə Cavadovanın sözlərinə görə, bankın borcunun ümumilikdə 10 milyon manata yaxın olduğu bildirilir: "Əgər iddia edildiyi kimi, "Bank of Azerbaijan” həqiqətən əmanətçilərin pulunu və hesablanmış faizləri geri qaytara bilmirsə, mütləq şəkildə Mərkəzi Bank bu qurumun lisenziyasını ləğv etməli, iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqda qərar qəbul olunmalıdır. Bununla əlaqədar biz dekabrın 7-də Mərkəzi Banka müraciət göndərmişik. Mərkəzi Bank müraciətə 5 gün ərzində cavab verməlidir. Növbəti addım olaraq, "Bank of Azerbaijan” ASC-yə verilmiş lisenziyanın ləğv edilməsi, onun müflis elan olunması üçün məhkəməyə müraciət etməyi planlaşdırırıq”.
 
Maraqlıdır ki, uzun müddətdir fəaliyyətsiz olan "Bank of Azerbaijan” iki gün əvvəl yanvarın sonuna qədər fəaliyyətini bərpa etməyə hazırlaşdığı barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, bankın kredit götürmüş problemli müştərilərindən təxminən 25 milyon manat alacağı var: "Həmin kreditlərin əksəriyyətinin girov təminatı var. Əsasən də daşınmaz əmlaklar girov qoyulub. Hazırda girovların satışını həyata keçiririk”.
 
Bankın nümayəndələri əmanətçilərə borclu olduqlarını da etiraf edib. "Əmanətləri əlimizə pul gəldikcə qaytarırıq. Elə də çox qalmayıb…”, – deyə "fins.az”a bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook