SON XƏBƏR

Göyçaylı qazi şikayət edir - Təfərrüat

May 23
12:48 2023
Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Göyçay rayon sakini Axundov Araz Azər oğlu Vətən müharibəsi qazisiyəm. 21 sentyabr 2020-ci il tarixdə səfərbərliklə hərbi xidmətə getmişəm. Suqovşan, Tülküdərəsi, Ağdam istiqamətində gedən döyüşlərdə olduqca fəal iştirak etmişəm. Lakin, Tülküdərəsində ağır yaralanaraq təcili hospitala yerləşdirilmişəm. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə olunduqdan sonra yenidən müharibə bölgəsinə qayıtmışam. Məhz ona görə də komandirlərim tərəfindən "xidməti-xasiyyətnamə" ilə təltif olunmuşam. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarla təltif edilmişəm.

Bildirmək istəyirəm ki, hərbi xidmətdən təxris olunduğum vaxtdan müalicələrə bağlı yaşayıram. Elə ona görə də köməklik göstərilməsi üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. Onun tapşırığına əsasən, mənə bir neçə dəfə müəyyən məbləğlərdə maddi yardım olundu. Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Hikmət Süleymanovun yanına getdim.

Ona "Mən pul istəməyə gəlməmişəm. Sadəcə səndən xahişim budur ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova de:

- Mənim çatışmayan dərmanlarımı dövlət hesabına təmin etsin". O, isə "Yaşar kim olasıdır ki, mən ona ağız açım? Get Yaşarın kabinetinin qarşısında intihar elə, bəlkə sənə köməklik göstərdi. Belə də ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı? " - dedi.

Onun bu cür münasibətinə öz iradımı bildirdiyim zaman o, məni təhdid etməyə başladı.

"Məni əsəbləşdirmə! Sən kimsən axı? İstəyirsənsə, gedək Bəndin başında təkbətək söhbətimizi həll edək" - deyərək qışqır-bağır saldı.

Ola bilər ki, bu yazılı və videomüraciətimdən sonra Hikmət Süleymanov həqiqəti boynundan atmağa çalışacaq. Ancaq mənim dəfələrlə rayon icra hakimiyyətinə getməyim, həmçinin müşahidə kameralarında səs yazısı ilə birlikdə hər şey mövcuddur. Harada görünübdür ki, dövlət "məmur"u vətəndaşı, özü də qazini Bəndin başında təkbətək söhbətə (razborkaya) çağırsın?! Mən müharibəyə getməmişdən öncə tamamilə sağlam idim. Mən təxris olunandan bir müddət sonra atam da vəfat etdi. Vətəni müdafiə etmək borcumdur. Hikmət Süleymanov kimi vəzifəli şəxslərin də borcu odur ki, xalqına layiqli xidmət etsin. Çünki, "Xalqın bir nömrəli xidmətçisi mənəm" - deyən Prezident bütün məmurlara tapşırıq verir ki, "Gedin xalqa xidmət edin, hörmət edin, milləti incitməyin!". Hikmət Süleymanov kimi "məmur"lar isə ölkə başçısının dediklərinin tam əksinə gedərək vətəndaşlarda dövlətə qarşı nifrət yaratmağa çalışır. Bu adam nə qanunlara riayət edir, nə də dövlətdən qorxur. Cəzasızlıqdan azğınlaşan Hikmət Süleymanov hətta ölkə başçısı və birinci vitse-prezident haqqında belə danışmaqdan çəkinmir. Deyirəm ki, "Prezident Administrasiyasının qarşısına gedəcəm, Mehriban xanımın qəbuluna girəcəm". Deyir ki, "Sən bu dövlətə torpaqlar alınana qədər lazım idin. Mehriban xanım sənə köməklik göstərsəydi, əlillik dərəcəsi almağına yardım edərdi".

Cənab Prezident! Sizdən Vətən müharibəsi qazisi və Azərbaycan Respublikasının vətəndaşı olaraq çox xahiş edirəm, özbaşınalıqlar edən Hikmət Süleymanov barəsində ciddi tədbir görülməsi və müalicələrimin təşkil edilməsi üçün tapşırıq verəsiniz. Sizə çox minnətdarlığımı bildirirəm".

Qarşı tərəfi də dinləməyə hazırıq...
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook