SON XƏBƏR

“Gün.Az, Bizim Yol, Milli.Az saytlarının şübhələrini başa düşmək olmur”

Fevral 07
13:47 2016
Fevralın 4-də bir neçə saytda Amerikanın kəşfində Azərbaycan elminin böyük roluna qarşı məqalələr yazılıb. AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bu məqalələrə öz münasibətini bildirib: "Bir neçə dəfə Azərbaycanda olan saytların saf-çürük edilməsi ilə bağlı məsələlər qaldırmışam. Bu saytlar göbələk kimi artmaqdadır. Apardığım araşdırmalara görə bunların çoxu da kənar qüvvələr tərəfindən idarə olunmaqdadır. Bəzi saytlar da vardır ki, orada çalışan insanların dünya tarixindən xəbəri yoxdur. Bu yaxınlarda ABŞ-a məxsus bir sorğu təşkilatı Cənubi Qafqazda "Tarixi kim nə qədər oxuyur" sorğusunu keçirdi. Məlum oldu ki, gürcülər 72 faiz, ermənilər 60 faiz, azərbaycanlılar isə 10 faiz nəticə göstərib. Biabırçılıqdır. Amma Azərbaycanda hamı tarixdən danışır. Tarixdən danışanlar onu bilməlidirlər.
 
Gün.Az, Bizim Yol, Milli.Az saytlarının şübhələrini başa düşmək olmur. Hələ bu azmış kimi bizi ermənilərə bənzədirlər. Ayıbdır! Belə olmaz. Bəli, Amerikanın kəşfində Azərbaycan elminin böyük rolundan yazan Yaqub Mahmudovdur. Bu həmin Yaqub müəllimdir ki, hələ Sovetlər dönəmində bizə mühazirə oxuyanda bunları deyirdi. Çünki Yaqub müəllim dünyanın əksər kitabxanalarını gəzmiş və dərin məlumatlar əldə etmişdi. Görəsən bu məlumatı yayan və narahatçılıq keçirənlər Təbrizdə olan "Rəb-i Rəşidi" təhsil müəssisəsindən xəbərdardırlarmı? Orada 1000-dən yuxarı mütəxəssis çalışırdı. 7 min tələbə təhsil alırdı. Oranın rəhbəri Nəsirəddin Tusi idi. Orada Çindən, Hindistandan və Avropadan alimlər işləyirdi. Orada dünyanın müxtəlif xəritələri var idi. O, xəritələrdən birində də Amerika qitəsinin koordinatları göstərilmişdi. Sonradan bu xəritə Osmanlı imperiyasının da əlinə keçmişdi. Xəritə oradan Avropaya aparılmış və Kolumbun əlinə keçmişdi. Siz bizi erməni ilə müqayisə etməyin. Əslində, özünüz erməni mövqeyində durursunuz. Biz elmi təhrif etmirik. Həqiqi elmi təbliğ edirik. Erməni başqalarının elmi əsasında özünə yoxdan elm yaradır. Bu ərazilərin onlara dəxli yoxdur. Heç olmasa dünya tarixini oxumursunuz, xarici televizyaları izləyin. Bu məsələlər oralarda da təqdim olunur. Onlar bizim elmimizdən sizə nisbətən obyektiv danışırlar.
 
Mən BDU-da "Amerikanın qədim və orta əsrlər tarixi"ni tədris edirəm. Bununla bağlı xeyli yeni materiallar oxuyuram. Həmin ədəbiyyatlarda da göstərilir ki, Kolumba xəritə Şərqdən, konkret indiki İran ərazilərindən gətirilmişdi. "Nizamiyyə" tədris mərkəzini sonradan "Rəb-i Rəşidi", "Qazaniyyə" əvəz etdi. Bunları oxuyun, sonra nəticə çıxarın. İkincisi isə, bunun orta məktəb dərsliklərinə salınması sizi niyə narahat edir? Bu gün dərsliklərimizdə Azərbaycanın ən qədimdən müasir dövrə qədər bütün nailiyyətləri və tarixi şəxsiyyətlərimizə əsl obyektiv qiymət var. Bunun önündə də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və onun önündə də Yaqub Mahmudov gedir. Siz bildiyinizi edin! Biz isə öz yolumuzla gedəcəyik! Bu yol müqəddəs yoldur! Bu yol Bütöv Azərbaycan tarixinin bu millətin beyninə yeridilməsi yoludur. Bu, dövlətçiliyin möhkəmləndirilməsində ən uğurlu yoldur! Bu yolda ölkə başçısı da bizi dəstəkləyir. Dəfələrlə bəyan edib ki, İrəvan tarixi Azərbaycan torpağıdır, Təbriz tarixi Azərbaycan torpağıdır. Onu da unutmayın ki, bu yolda qarşımıza çıxanlar məğlub olacaqlar! Ona görə də bu cür yazılara qərəzli münasibət bildirəndə bunu unutmayın!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook