SON XƏBƏR

''Güllüoğlu''nun Bakıdakı mağazalarının taleyi necə olacaq?

Avqust 18
17:18 2016
İstanbulda səhər saatlarında FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində iş adamlarına qarşı əməliyyat keçirilib. Əməliyyata 1000-dən çox polisin qatıldığı xəbər verilir. 

Məlumata görə, İstanbulda FETÖ işi ilə bağlı 187 şübhəli iş adamının tutulması haqda qərar verilib. Məhkəmənin qərarına əsasən, həmin şübhəlilərin yaşadıqları və işlədikləri ünvanlarda axtarış başlayıb.

Türkiyə mediasının yazdığına görə, saxlanılanlar arasında "Güllüoğlu paxlavaları” şirkətinin  sahibləri Faruk Güllüoğlu və Nejat Güllüoğlu kimi isimlər də var.
 Saxlanılan iş adamları FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinirlər. 

Güllüoğlularının Türkiyə ilə yanaşı, Bakıda da bir neçə şirniyyat mağazaları var. Həmin mağazalar "Faruk Güllüoğlu” adı altında fəaliyyət göstərirlər və onlar Səbail rayonunda İstiqlaliyyət küçəsi 55B, Nərimanov rayonunda Həsən Əliyev küçəsi 55 ünvanında yerləşirlər.
 
Mağazalarda daha çox şiriniyyatlar satılır. Güllüoğlularının Bakıda ən məşhur və müştərisi çox olan mağazası İstiqlaliyyət küçəsində yuxarıda qeyd etdiyimiz ünvanda, Bakı Şəhər İcra hakimiyyəti ilə üzbəüzdə yerləşir. Bu mağazada da müxtəlif növ şirniyyatlarla bərabər, küçəyə açılan pəncərədən dondurma da satılır. Demək olar ki, bura yay aylarında müştərisiz olmur. 

Musavat.com əməkdaşı həmin mağazada olub, əməkdaşlarının Türkiyədə aparılan əməliyyatdan sonra fəaliyyətləri ilə maraqlanıb. Şirniyyət eviinin iş fəaliyyəti öz qaydasında davam edir. Mağazanın əməkdaşının sözlərinə görə, müdirləri burada olmasa da, onlara fəaliyyətləri ilə bağlı hər hansı bir xəbərdarlıq və ya tapşırıq verilməyib. 

Lakin əldə etdiyimiz məlumata görə, "Faruk Güllüoğlu”nun Bakıda yerləşən digər şirniyyat mağazalarının da adında dəyişiklik etmək istəyirlər. Bu dəyişikliyin yaxın zamanlarda edilməsi nəzərdə tutulub. Belə ki, məlumata görə, ilk olaraq mağazaların qarşısından "Faruk Güllüoğlu” adı götürüləcək. 

Onu da qeyd edək ki, "Güllüoğlu paxlavaları”nın 4 fabriki, 30 şöbəsi və yüzlərlə əməkdaşı var. Bakıda da Güllüoğluların şirniyyat mağazaları uzun müddətdir ki, fəaliyyət göstərir. 
 
Son hadisələrlə bağlı şirkət rəsmiləri açıqlama yayıblar. Açıqlamada bildirib ki, idarə heyətinin başçısı Necat Güllü qısa zamanda vəzifəsinin başına dönəcək:

"İctimaiyyətdə çox yaxşı bilindiyi kimi, idarə heyəti prezidentimiz M. Necat Güllü hər hansı bir terror təşkilatı ya da terror təşkilatına dəstək verən bir qeyri-hökumət quruluşunun yanında əsla yer almamış, üstəlik, iştirak etməyəcək xarakterdə bir insandır. Qurumumuz dimdik ayaqda, bütün inzibati heyəti və əməkdaşları ilə vəzifəsinin başındadır”, -deyə açıqlamada bildirilib.

"Güllüoğlu” bir marka,  firma adı olmaqdan başqa, 1871-ci ildən bu günə paxlava bişirməklə məşğul olan,  beş nəsildir ki, fəaliyyət göstərən Gaziantepli bir ailənin adıdır. Belə ki, 1871-ci ildə  ilk dəfə bu işi Hələbdə Güllü Çələbi  başladıb. Deyilənə görə, həmin zamanlar paxlava ancaq Osmanlı sarayında yeyilirmiş. Onu şirniyyat kimi xalqa tanıdan da Güllü Çələbi olub. 4 nəsil sonra isə  ailə 1949-ci ildə İstanbula gəlib və paxlavanı əvvəl orada, sonra  isə dünyada tanıtmağa başlayıb. Hazırda bu işi  həmin nəsildən olan Faruk Güllü davam etdirir. (Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook