Güclü yağış Lənkəranda fəsadlar törədib
Oktyabr 17
11:09
2015
Oktyabrın 16-da səhər saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.
APA-nın cənub bürosunun məlumatına görə, ən kritik vəziyyət rayonun Bürcəli, Türkəkəran və Yuxarı Nüvədi kəndlərində yaşanıb. Belə ki, həmin ərazilərdə onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.
Rayonun Türkəkəran kənd sakini Ədalət Ağayev APA-nın yerli bürosuna ona məxsus fərdi evin suyun altında qaldığını bildirib: «Həyətimizi su basıb, mal-qaranın hamısı tövlədə qalıb. Özümüz güc-bəla ilə evdən çıxmışıq. Dəymiş ziyan barədə hələ dəqiq heç nə deyə bilmərəm. Amma onu bilirəm ki, toyuq-cücə, tövlədəki mal-qara yəqin seldən salamat çıxmaz”. Türkəkəran kəndinin digər bir sakini Teymur Ağayevin də fərdi təsərrüfatına xeyli maddi ziyan dəyib:” 40 baş hind toyuğum, 50 başadək toyuq-cücəm tələf olub. Tövlədəki 3 baş mal-qara da elə bilirəm ki, sudan boğulub.
Qeyd edək ki, dağdan gələn güclü sel suları həmçinin Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində yola axdığından nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə 10-a yaxın evdən köməksiz vəziyyətdə qalmış 20-dən çox sakin evakuasiya olunaraq qohumlarının yanına köçürülüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.



