SON XƏBƏR

"Gəzmək meyli Azərbaycanda təzə-təzə formalaşıb" - Sosioloq

Sentyabr 26
00:21 2024
"Azərbaycanda təqaüd yaşına çatan insanların aldığı məvacib dava-dərmanına kifayət eləmir, o ki qala pul xərcləyə".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub yaşlı insanların daha çox pul xərcləməsi ilə bağlı araşdırmaya münasibət bildirərkən deyib. 

O, aparılan tədqiqatın düz olduğunu vurğulayıb:

"Amerika, Avropada yaşlı insanların pul xərcləməyə meyli çoxdur. Bunun da obyektiv səbəbləri var. Səbəblərindən biri budur ki, həmin ölkələrdə pensiya yaşına çatana qədər insanlar yüksək məvacib alır. Onlar həmin vəsaitin müəyyən qədərini saxlayırlar ki, pensiya yaşına çatanda ondan istifadə etsinlər. Turizm sənayesi də yaşlı insanların müraciəti əsasında formalaşıb".

Mail Yaqub deyib ki, Amerika və Avropada insanlar daha çox gəzmək və pul xərcləmək istəyirlər:

"Onların pensiyasının yüksək olması həmin şəxslərə pul xərcləməyə imkan verir. Azərbaycanda isə bu şərtlərin heç biri yoxdur. Nə insanlarda bu fikir var ki, pulumun bir hissəsini ayırım, pensiya yaşına çatandan sonra gedib dünyanı gəzim, nə də gəzib dolanmaq həvəsi. Gəzmək meyli Azərbaycanda təzə-təzə formalaşıb. Sovet dövründə isə belə şey yox idi. Hətta bir rayondan başqa bir rayona gedmək üçün bəzən icazə alırdılar. Ona görə turizm sənayesi, bu mədəniyyət hələ təzə-təzə formalaşıb. Avropada, Amerikada isə bu mədəniyyət artıq oturuşub".
 
Sosioloq qeyd edib ki, Azərbaycanda bu şərtlərin heç biri yoxdur:

"Təqaüd yaşına çatan insan nə alır ki, onunla da hələ bir gəzməyə getsin. O təqaüdlə hara pul xərcləyə bilərlər? Dünyanı necə gəzə bilərlər? Nəinki dünyanı, heç Azərbaycanın rayonlarını gəzə bilməzlər. Təəssüflər olsun, biz hələ bu mərhələyə də çatmamışıq".

Sosioloq hesab edir ki, bu tendensiyanı formalaşdırmaq üçün Azərbaycan iki mühüm şərti formalaşdırmalıdır:

"Birincisi, insanlarda gəzməyə meyli artırmaq, ikincisi pensiya və təqaüd məbləğini o qədər yüksətməliyik ki, yaşlı insanlarda pul xərcləməyə hal olsun".

Qeyd edək ki, Birmingem və Oksford Universitetlərindən olan alimlərin apardığı araşdırmaya görə, yaşlı insanlar pul xərcləməyi daha çox sevir. Nəticələr müxtəlif yaşlarda - 18-36 yaş və 60-80 yaşlı iki qrupun davranışının öyrənilməsinə əsaslanıb. İştirakçılar cins, intellekt və təhsil səviyyəsinə görə diqqətlə seçilib. Nəticələr yaşlı insanların sosial təsirə daha çox həssas olduğunu göstərib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook