Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir
May 16
18:08
2020
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Qərara əsasən 18 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüləcək.
Bununla əlaqədar olaraq Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir. Belə ki, sözügedən ərazilərdə təmizlik işləri aparılıb, xüsusi karantin rejimi dövründə götürülən oturacaqlar yerlərinə qaytarılıb. Ən önəmlisi şəhərin bulvar, park və istirahət məkanlarında dezinfeksiya işləri həyata keçirilib. İşlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, MKTİB-in xüsusi təlim keçmiş işçiləri də cəlb olunublar.
MKTİB-in işçiləri Gəncənin bulvar, park və xiyabanlarında iməclik də keçiriblər. Yeni çiçəklər əkilib, uzanmış otlar biçilib, ağacların təhlükə törədə biləcək budaqları budanıb. Məlumat üçün bildirək ki, MKTİB-nin əməkdaşları xüsusi karantin rejimi dövründə də növbəli şəkildə fəaliyyət göstərib, yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Qlobal.az







