Gəncədə görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi anılıb
Aprel 27
11:00
2016
Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 108-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri üzrə Dissertasiya Şurasının sədri professor İbrahim Quliyev, şəhərin idarə rəhbərləri və ziyalılar iştirak ediblər.
Ədibin adını daşıyan ev muzeyində keçirilən xatirə gecəsində çıxış edən Elmar Vəliyev görkəmli yazıçının həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, xeyirxah insan, böyük alim Mir Cəlal Paşayev bədii və elmi irsi, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan tarixi şəxsiyyətlərdəndir. İstedadlı qələm ustası Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatı xəzinəsini bir sıra qiymətli nəsr əsərləri ilə zənginləşdirib.
Daha sonra çıxış edən İbrahim Quliyev ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin elmi yaradıcılığında Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin bir sıra aktual məsələlərinin, həmçinin dahi şair Füzuli poetikasının tədqiqindəki xidmətlərindən danışıb.
Xatirə gecəsində dirijor Rafael Bayramovun, konsertmeyster Zərinə Allahverdiyevanın iştirakı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib.
Qlobal.az