Gəncə şəhərində Yəhudi Dini İcması fəaliyyətə başlayıb
May 29
19:18
2016
Gəncə şəhərindəki Yəhudi Dini İcması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a icmasının rəhbəri Arif Babayev bildirib.
Yəhudi Dini İcmasının rəhbəri deyib ki, hazırda yeni təsis edilən qurumun ətrafında 150 nəfərə yaxın yəhudinin birləşməsinə baxmayaraq, Gəncə şəhərində onların sayı ümumilikdə 300-dən çoxdur.
Digər yəhudilər müsəlman dinini qəbul etdikləri üçün onlar dini icmada təmsil olunmurlar. Lakin istər ilkin vətənləri İsrailllə, istərsə də dini icmanın üzvləri ilə sıx əlaqə saxlayırlar.
Dini icma rəhbəri onu da qeyd edib ki, əsrlərlə Azərbaycanda sülh və qardaşlıq şəraitində yaşayan yəhudilər yerli mədəniyyəti mənimsəməklə yanaşı, özlərinin doğma dillərini, adət-ənənələrini və dinlərini unutmayıblar. İcma ətrafında birləşən yəhudilər hər həftə bir yerə toplaşaraq özlərinin dini ayinlərini icra edir, müqəddəs günlərini və bayramlarını qeyd edirlər.
Arif Babayev onu da vurğulayıb ki, Gəncə şəhərində fəaliyyətə başlayan Yəhudi Dini İcmasının tərkibində həm Aşginazi, həm də Buxara və dağ yəhudiləri təmsil olunurlar. İcmanın gələcək fəaliyyət planından danışan qurum rəhbəri bildirib ki, dini icmada ravvinə olan ehtiyac həll edildikdən sonra Gəncə şəhərində sinaqoqun tikintisi də gərçəkləşdiriləcək.
Qlobal.az