Gəncə Şəhər İcra Hakimiyyəti şəhid ailəsinə etdiyi yardım barədə açıqlama yaydı
Noyabr 18
18:51
2021
Gəncə Şəhər İcra Hakimiyyəti şəhid kiçik çavuş Əliyev Natiq Yusif oğlunun ailəsinə etdiyi maddi yardım barədə açıqlama yayıb.
Qlobal.az İcra Hakimiyyətinin açıqlamasını təqdim edir:
"16 Noyabr 2021-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın növbəti hərbi təxribatı nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş kiçik çavuş Əliyev Natiq Yusif oğlunun Gəncə şəhərində dəfn və yas mərasimlərinin keçirilməsi üçün şəhər İcra Hakimiyyəti aşağıdakı tədbirlər görülmüşdür:
Əliyev Natiq Yusif oğlunun şəhid olması barədə xəbər daxil olan kimi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı və Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatlarının, həmçinin Nizami Rayon Bələdiyyəsinin əməkdaşları şəhid ailəsinn yaşadığı ünvana təhkim edilmişdirlər. 3 günlük icarə haqqı 3000 AZN dəyərində olan 2 ədəd böyük, tam təchizatlı yas çadırı şəhidin ailəsinin yaşadığı ünvanda quraşdırlımışdır. Yas mərasiminin ilk günü 1500 manat dəyərində ərzaq və digər zəruri ləvazimatlar alınaraq ailəyə təhvil verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi dəfn mərasimində, həmçinin şəhidin evində təşkil olunmuş yas mərasimində iştirak etmişdir. Şəhid ailəsinin istəyi üzrə onların digər ehtiyaclarının qarşılanması üçün şəhidin qardaşı Əliyev Samir Yusif oğlunun plastik bank kart hesabına 1000 manat vəsait (maddi yardım) köçürülmüşdür. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbüsü ilə ailəyə şəhərdə fəaliyyət göstərən müəssisələr və eyni zamanda müxtəlif iş adamları tərəfindən 3000 manata yaxın məbləğində maddi yardımlar edilmişdir.
Bu gün şəhər rəhbərliyi növbəti dəfə ailəni evində ziyarət edərək görüşmüş, görüş zamanı şəhidin III və VII günlər üçün yas mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq, ailə tərəfindən ehtiyac siyahısı tərtib edildiyi şəhər rəhbərliyinə bildirilmiş və bununla bağlı, növbəti dəfə şəhidin atası Əliyev Yusif İsa oğlunun plastik bank kart hesabına 2000 manat vəsait (maddi yardım) köçürülmüşdür. Şəhid Ə. Natiqin qəbirüstü abidəsi (qara mərmər materialından) sifariş verilmişdir.
Bildirmək istərdik ki, göstərilən yardımlarla bağlı şəhid Əliyev Natiq Yusif oğlunun ailəsinin heç bir narazılığı yoxdur. Şəhidin atası Əliyev Yusif İsa oğlu və onun yaxın qohumları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə dəfələrlə minnətdarlıqlarını ifadə etmişdirlər. Müxalif qüvvələr tərəfindən məqsədli şəkildə yayılan bu cür söz-söhbətlər dövlətimizin, şəhidlərimizin və şəhid ailələrinin adına xələl gətirməyə hesablanıb.
KİV nümayəndələri, sosial şəbəkə istifadəçiləri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələrini xahiş olunur".
Qeyd edək ki, bu gün bəzi yerli KİV-lərdə ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyevin ailəsinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan şikayətçi olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda Gəncə icra hakimiyyətinin N.Əliyevin ailəsi üçün 5 kiloqram yağ, 20 kiloqram un, 10 kiloqram şəkər tozu göndərdiyi deyilirdi.
Qlobal.az