SON XƏBƏR

Gəlin birinci özümüzü çəkək...

İyun 19
20:34 2021
"Azərbaycanfilm” kinostudiyası "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Bu barədə üç gündür xəbər yayılıb, aləm dəyib bir-birinə. Sosial şəbəkələrdə mərəkə qopub. Kimi hökumətin bu addımını alqışlayır, kimi də alqışlamır, daha doğrusu bu işə "imza" atanları yaltaqlıqda günhalandırırlar. Səbəb kimi isə 30 il davam edən Qarabağ münaqişəsi dövründə cəbhə bölgələrindən saysız-hesabsız çəkilişlər edən azərbaycanlı jurnalistlərin əməklərinin qiymətləndirilməməsini əsas gətirirlər.

Əlbəttə, Fulya Öztürkün, eləcə də Vətən müharibəsində Azərbaycanın-Haqqın yanında olan hər bir kəsin əməyi yüksək dəyərləndirilməlidir. Onların fədakar əməyi qiymətləndirilməli, məktəb dərsliklərində tədris olunmalıdır. Dövlətdən hər il mənasız layihələri ilə pul qopardan QHT-lər bu cür şəxslərin ictimaiyyətə, böyüməkdə olan nəsilə tanıdılmasında iştirak etməlidirlər.

Amma hər şey çərçivəsində olanda gözəl olur. Atalar deyib "əvvəl məscidin içi, sonra çölü". Fulya da bizimkidir-"məscidin içidir", Öztürk olduğuna görə deyil, məhz 30 ildir haqq davası aparan bizlərin yanında olduğuna görə.

Sənədli film çəkiləsi o qədər qəhrəman analarımız-atalarımız var ki.

Gəncliyi, qadın səadəti məhv olan minlərlə şəhid xanımları var. Qəhrəman ərlərinin şəkillərini bağırlarını sıxıb ömürlərini yedəklərindəki körpələrə həsr ediblər. Minlərlə şəhid ataları var, saç-saqqal basıb, dağ vüqarlı idilər, indi əriyib yox olurlar, bir zamanlar əyinlərinə dar gələn köynəklər indi on ölçü böyük görünür...

Bir ana var. Uşaqlığımdan tanıyıram. O qədər gözəl idi ki. Həyat yoldaşı kapitan idi, I Qarabağ müharibəsində şəhid oldu. Qadın dul qaldı, 1 ilin içində saçları ağappaq oldu. Əlləri kişi əlinə oxşayır-qabar-qabar. Sifəti cadar-cadar. Şaxta demədi, isti demədi, gecə-gündüz onun-bunun tarlasında işlədi. Dəmir vaqonda yaşadı, Şəhidin əmanətini, körpəsini böyütdü. Yekə kişi elədi. Tam bir filmlik HƏYAT!

Bir şəhid atası var. Oğlu hərbiyə getdikdən iki ay sonra şəhid oldu. Hüzrdə dinmədi, danışmadı. Eləcə susdu. Hökumətin verdiyi 11 min pulu övladının məzarının bəzəyinə xərcləyib. Qəbiristanlıqda iki dənə dirək basdırıb. Birində Azərbaycanın, o birində Türkiyənin bayrağı dalğalanır. Ürəyi soyumur. Bir milyon pulu olsa hamısını oğlunun məzarının bəzəyinə - bayrağa xərcləyəsi adamdı...

Vallah sənədli film çəkiləsi o qədər analarımız var ki.

Bizləri min-bir ağrıyla doğan, ümidlərlə böyüdən, bu günümüzə ağlayan analar.

Gəlin birinci özümüzü çəkək...

Mübariz Məmmədov
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook