"Gallenvagen"-lə "avtoşluq" edən şəxs polis şöbəsindən qaçdı - VİDEO
İyul 21
14:18
2019
Biri şöbədən, digəri cərimə meydançasından qaçıb
Bakıda yol polisi tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Yasamal rayonu ərazisində iki avtoxuliqanlıq faktı qeydə alınıb. Avtosfer.az xəbər verir ki, 90 ZJ 357 dövlət nömrə nişanlı, "Mercedes Galendevagen" markalı avtomobili idarə edən Paşa Hüseynov rayon ərazisində avtoxuliqanlıq edib. Belə ki, "Qələbə" dairəsi ərazisində xidmət aparan 99 YP 280 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan YPX əməkdaşları həmin sürücünün 3000 manatdan artıq cərimə borcunun olduğunu müəyyən ediblər. Daha sonra avtomobilin saxlanılması üçün işarə veriblər. Amma sürücü maşını saxlamayaraq oradan uzaqlaşıb. YPX əməkdaşları onu təqib edərək sürücü yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq təhlükəli manevrlər edib, sürət həddini aşaraq Şərifzadə küçəsinə daxil olub. Bir qədər sonra isə süni tıxac yaradılaraq yaxalanacağını görən sürücü Paşa Hüseynov avtomobili Şərifzadə küçəsində saxlayaraq Yasamal Asan Xidmətin binasına daxil olub. Yasamal rayon Yol Polisi Şöbəsinin əməkdaşları əraziyə Çevik polis əməkdaşlarını dəvət ediblər. Polis əməkdaşları sürücünü Asan Xidmətin binasında aşkar edərək DYP şöbəsinə gətiriblər. Avtomobil isə cərimə meydançasına aparılıb. Lakin sürücü telefonla danışması üçün şərait yaradılmasını xahiş edib və yaranmış vəziyyətdən istifadə edərək şöbədən qaçıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Paşa Hüseynovun sürücülük hüququ məhdudlaşdırılıb. Lakin o, hələ də sürücülük vəsiqəsini təhvil verməyib. Nərimanov rayon məhkəməsinin bunula bağlı müvafiq qərarı da var. Sürücülük hüququnun məhdudlaşdırılması isə Paşa Hüseynovun idarə etdiyi avtomobil ilə 3000 manatdan artıq cərimə borcunun olmasıdır. O, xeyli müddətdir ki, həmin cərimələri ödəmir. Hazırda avtomobil cərimə meydançasındadır və sürücü barəsində toplanmış materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə təqdim olunub.
Digər avtoxuliqanlıq faktı isə "Niva" markalı avtomobil ilə bağlıdır. Sürücü Emin Muradov yol polisi tərəfindən verilən saxla işarəsinə tabe olmayaraq avtomobil ilə qaçmağa çalışıb. Onun saxlanmasına səbəb isə avtomobilə edilmiş konstruksiya dəyişikliyidir. Sürücü qısa müddətdə saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb. Lakin cərimə meydançasının qarşısında sürücü tabesizlik göstərərək avtimobil ilə birlikdə oradan uzaqlaşmağa nail olub. Təhlükəsizlik şəhər kameraları vasitəsilə aparılan müşahidələr nəticəsində məlum olub ki, o hətta Bakı - Sumqayıt yoluna qədər avtomobili yüksək sürətlə idarə edərək təhlükəli manevrlər edib. Eyni zamanda qərəzli hərəkətlərlə avtoxuliqanlıq əməlinə yol verib. Hazırda həmin avtomobilin saxlanılması üçün tədbirlər görülür. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Qlobal.az