Fransada etiraz aksiyalarında 175 minə yaxın şəxs iştirak edib

Sentyabr 11
07:34
2025
Çərşənbə günü Fransada "Hər şeyi blokla" hərəkatı çərçivəsində keçirilən etiraz aksiyalarında azı 175 min nəfər iştirak edib.
Nazirliyin açıqlamasına əsasən, ölkə üzrə təxminən 550 mitinq və nümayiş keçirilib. Gün ərzində baş verən iğtişaşlar zamanı ilkin məlumatlara görə, 203-ü Parisdə olmaqla, ümumilikdə 473 nəfər saxlanılıb. Onlardan 339-u ölkə üzrə, 106-sı isə Parisdə həbs olunub.
DİN-in məlumatına görə, iğtişaşlar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.
Nəqliyyat Nazirliyindən bildirilib ki, etirazlara paralel keçirilən tətil nəticəsində dəmiryol xətlərində qatarların sayı kəskin azalıb, təxminən 110 aviareys ləğv edilib. Nazirlik digər reyslər üzrə də çətinliklərin ola biləcəyi barədə xəbərdarlıq edib.
Etirazçılar arasında Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi əsas şüarlardan biri olub.
Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (ÜƏK) yaydığı bəyanatda 10 sentyabr hərəkatını "ilk uğurlu mərhələ" adlandırıb.