Fransa hökumətinə etimadsızlıq votumunun elan edilməsinə çağırış edilib
Dekabr 02
15:27
2024
Fransanın ultra-sağçı "Milli Birlik" partiyası büdcə haqqında qanun layihəsinə tələblərin nəzərə alınmaması səbəbindən hökumətə etimadsızlıq votumu elan etmək niyyətindədir.
"Report” xəbər verir ki, bu barədə partiyanın lideri Jordan Bardella RTL radiostansiyasının efirində bildirib.
"Əlbəttə ki, əgər baş nazir Mişel Barnye möcüzəvi şəkildə yerli vaxtla saat 15:00-a qədər büdcə haqqında qanun layihəsinin mətnini yenidən nəzərdən keçirməsə, "Milli Birlik" hökumətə etimadsızlıq votumunun qəbul edilməsinin lehinə səs verəcək", - deyə o qeyd edib.
J.Bardella bildirib ki, onun partiyası qanun layihəsinin dəyişdirilməsini nəzərdə tutan məntiqli tədbirlər təklif edib. Lakin bu təkliflər nəzərə alınmayıb və buna görə də hökumətin təqdim etdiyi büdcə haqqında qanun layihəsi fransızların alıcılıq qabiliyyətini zəiflədəcək.
Parlamentin Aşağı Palatasında 126 deputatla təmsil olunan "Milli Birlik" hökumətə etimadsızlıq votumunun elan edilməsi məsələsində əhəmiyyətli rol oynaya bilər.