Firuz Mustafanın “Müqəvva” pyesi İstanbul “Oda”sında
Aprel 10
23:56
2016
Türkiyənin İstanbul şəhərində yerləşən "Oda” teatrında yazıçı-dramaturq Firuz Mustafanın "Müqəvva” pyesinin məşqlərinə başlanmışdır. Monodram janrında yazılmış həmin əsər indiyəcən ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşamışdır.
Qardaş Türkiyədə əsəri Kəmalə Kamalqızı (Nəbibəyova) hazırlayır. O, tamaşanın rejissoru və baş rolun ifaçısıdır. Kamalqızı Turan teleteatrinin rəhbəri, habelə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Barış Tv-də "A-dan Z-yə” verilişinin aparıcısıdır.
Arayış üçün qeyd edək ki, "Oda” teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer, Beste Hoşses kimi tanınmış sənətkarlar fəaliyyət göstərir. Teatrın həyatında maraqlı bir fakt da diqqəti çəkir: "Oda” 48 saat ərzində oyun nümayiş etdirərək səhnədə qalan və bu cəhətinə görə dünya rekorduna sahib olan bir teatrdır.
Yeri gəlmişkən, onu da bildirmək istəyirik ki, bu günlərdə Firuz Mustafanın "Neytral zona” adlı pyesi Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrında öz səhnə həllini tapmışdır.
Qlobal.az