“FHN qanunsuz olduğunu deyib, Yasamal İH heç nə etmir“ - VİDEO
İyun 21
13:36
2022
Yasamal rayon sakini Şövkət Baqvanova yaşadığı ünvanda qeyri-qanuni obyektin tikilməsindən şikayətçidir
O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
Buranı alan adamın kim olduğunu gizlədirlər. Amma polis mənə dedi ki, onu bölməyə aparıb izahat alıblar. Amma bunların bütün zibillərini - qazıntı, qum, beton, tör-töküntü - hamısını üzərində Yasamal İH yazılan iri maşınlar daşıyır. Bir 15 maşın zibil daşınıb. Yasamal İcrası şəxsi adam üçün niyə hamballıq etməlidir ki?”
O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
Ş. Baqvanova deyib ki, yaşadığı bina 65 ildir ki, tikilib: "Mən də 3 aylığımdan, 65 ildir bu binada, ikinci mərtəbədə yaşayıram. Hüseyn Cavid prospekti 30, blok 1, mənzil 2-nin sahibi 1-2 aydır buranı alıb, özü də naməlum adamdır, bildirilmir kimdir bu. Birincisi, mənim bütün 3 otaqlı mənzilimi balkon qarışıq, 3 pəncərə 1 balkonun qarşısına dairəvi dəmir şivellerləri uzadıb şiferləri vurub. Mənim evimə istənilən an oğru girə bilər, mənim görüntümü kəsib, havanı zəhərləyib - o şiferin istisi, tozu - mən gecə pəncərəni açıb yata bilmirəm”.
O həmçinin qeyd edib ki, sözügedən şəxslər binanın zirzəmisini qazır:
"Bunun balaca, 15 kvadrat metrlik "padval”ı var idi. O, "padval”ı qazıb, 20 gündür ordan qum, beton çıxır, bu binanın özəyini qazır. Bundan əlavə hökumətin olan yeri jek satıb bulara. İndi oranı da qazmaq istəyir. Jalüz də asıb ki, camaat görməsin. Bir aydır söküntü davam edir”.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tikintiyə rəy veriblər:
"Fövqəladə gəlib yazıb ki, qeyri-qanunidir, burada söküntülər gedir. Ayın 8-də FHN Yasamal İcra Hakimiyyətinə məktub göndərib ki, hər hansı xoşagəlməz hadisə baş verməməsi üçün tədbirlər görün. Lakin Yasamal İcra Hakimiyyəti heç bir şey etmir. Mən ayın 2-də rəsmi şəkildə ərizə vermişəm, hələ də heç bir ölçü götürülməyib. Bilirlər, hamısı əlbirdir. Əmlak Məsələləri Dövlət Xidməti və Şəhərsalma və Arxitektura İdarəsi göz yumur. 27-i Polis bölməsi gəldi, protokol yazdı, iki dəfə işi saxlatdı, Fövqəladə də öz işini görüb. Amma Yasamal İH heç bir şey etmir. Şəhərin prospektində bu boyda artırma eləyiblər, heç kim heç nə eləyə bilmir. Həyətimizdə də 21 saylı "jek”dir (Mənzil İstismar Sahəsi - red.). Hamısının gözünün qabağında bu işlər görülür.
Ş. Baqvanova qeyd edib ki, onun digər qonşuları da bu məsələdən şikayətçidirlər və rəsmi qaydada İH-yə müraciət ediblər.
Səsləndirilən fikirlərlə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin İH-nin rəsmi satındakı telefon nömrələri ilə əlaqə saxlamaq mümkün olmadı.
Qlobal.Az