SON XƏBƏR

Faciələrimizdən dərs götürək

İyul 13
00:02 2022
Soylu ATALI 
 
Azərbaycanın taleyində uzun illər qorunan, toplumun böyük kəsiminə bəlli olmayan bir faciəvi gizlin artıq üzə çıxıbdır. Bu gizlin Azərbaycanın ikiyə bölünməsi, zaman-zaman Azərbaycanı dünya xəritəsindən silmək istəyən güclərin azğın planının olmasıdır. Təbriz, Göyçə, Borçalı, Dərbənd, Qarabağ kimi parçalara bölünmüş bir vətənin yağısı çox, yiyəsi yox kimi. Güney Azərbaycanı susdurmaq gedişləri gözümüzün qarşısında hansı oyunları üzə çıxarmadı?! – Ana dilli məktəblərin bağlanması, toponimlərin dəyişdirilməsi, doğulan uşağa milli ad qoymağın yasaq edilməsi, molla şüurunu gəlişdirməklə milli özünüdərk prosesini əngəlləməyə çalışmaq, son çağlar Urmu gölünün qurudulmasına başlamaqla fəlakətli bir köç dalğası hazırlamaq; Göyçənin, Zəngəzurun, İrəvanın, Zəngibasarın, Qaraqoyunlunun tam boşaldılıb erməniləşdirilməsi; Borçalıya Güney Azərbaycandan betər tale hazırlamaq – çağaşırı deportasiyalar, milli toponimlərin dəyişdirilməsi, qədim Alban kilsələrinin gürcüləşdirilərək Azərbaycan türklərinin gəlmə olduqlarını şüurlara yeritmək, milli məktəblərin getdikcə azaldılması, bəzi hallarda bağlanılması, son çağlar Gürcüstan dövlətinin gözü qabağında İranın Borçalını dini poliqonuna çevirməsi; Dərbəndin az qala bütöv ruslaşdırılması; Qarabağın hələ də işğalda saxanılması, daha nələr...

Rusiya Ukraynaya savaş başlayandan sonra gücünün böyük bir hissəsini itirməkdədir. Bundan ən çox qorxan İran-molla rejimidir. İran Azərbaycanın bütövləşməsinin qarşısını təkbaşına ala bilməz. Ona görə də Azərbaycan Respublikasında ciddi cəhdlə vətəndaş qarşıdurması hazırlayır. Çağaşırı öz buyruğunda olan azərbaycanlıları qızışdırır, öz qardaşlarına, dövlətlərinə qarşı onlarda dağıdıcı nifrət əhvalları yaradır. Bunu sosial şəbəkələrdən aydın görmək olur. Azərbaycanın üzdə olan kəsimi buna seyirçi qalmır. Davamlı dirəniş göstərir, mübarizə aparmağa çalışırlar. Bu mübarizə gərəkdir, qaçılmazdır. Ancaq nə yazıqlar ki, bir çox insanlarımız bu mübarizəni məhəlli dalaşqanlığa çevirirlər. Aldanmış, aldadılmış yurddaşlarımıza lağlağı münasibət sərgiləməklə onların daha da nifrət bataqlığına yuvarlanmasına yardımçı olurlar. 

Sayğılı yurddaşlarımız, sizi faciənin miqyasını dərk eləməyə çağırırıq. O Tay, Bu Tay insanlarımız məsələyə ciddi yanaşmalı, sağlam mübarizə əsasında bir araya gəlməyi düşünməlidirlər. Tarixi faciələrimizin mahiyyətini hər addımda bütün insanlarımıza doğru anlatmaq, İranın buyruğunda duranların nədə yanıldıqlarını özlərinə də, başqa soydaşlarımıza da aydınlatmaq gərəkdir. Bütövləşməyə doğru mübarizəmizi ciddi əsaslarla həyata keçirməyimiz üçün şans yaranıb. Bu şansı düzgün dəyərləndirməli, belə bir şansın yenidən on illərin arxivinə atılmasının qarşısını almaq haqqında düşünməliyik. Faciələrimizdən dərs götürməyi öyrənməliyik. 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

11 Od Ayı, 44-cü il. Saray-Soylu.
(iyul, 2022).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook