SON XƏBƏR

Əziz Əzizovun batırdığı Hövsan - Video

İyun 17
11:27 2023
Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri yaşadıqları ərazidə hökm sürən problemlə bağlı "Ednews"a şikayət məktubu ünvanlayıblar. 

Oqtay Şabanov küçəsində yaşayan sakinlər piyada yolundan, kanalizasiya sisteminin yoxluğundan, gölməçəyə çevrilmiş yollardan, evlərini basmış çirkli sulardan şikayətlənirlər. 

Getdikcə sayı artan fərdi evlər isə bu durumu daha acınacaqlı hala salır. 

Sakinlərin bildirdiyinə görə, bir ayda şambonun boşaldılması üçün ən azı 80-90 manat xərc çəkirlər. 

Məvacibi aşağı olan ailələr bu pulu ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Üstəlik, istər yay, istərsə də qış aylarında üfunətdən ərazidə nəfəs almaq olmur.

Onların dediyinə görə, yaranmış vəziyyət yağışdan sonrakı Hövsanın həmişəki halıdır. 

Onlar bununla bağlı dəfələrlə Suraxanı rayonundakı aidiyyəti qurumlara müraciət ediblər, lakin mənzərə olduğu kimi qalır.

Qəsəbənin sakinləri deyir ki, bu ərazidə heç vaxt kanalizasiya sistemi olmayıb. Ancaq bununla sakinlərin problemi bitmir. Ərazidə yaşayanların ikinci əsas problemi yoldur. 

Asfalt yolun bərbad vəziyyətə düşməsi sakinlər üçün yağışdan sonra ciddi problemlər yaradır. 

Uşaqlar məktəbə, sakinlər isə işə getməkdə narahatlıq yaşayırlar. 

Oqtay Şabanov küçəsinin qarşısındakı yolu isə asfaltlayıb, abadlaşdırıblar. İki küçə arasındakı fərq aydın şəkildə özünü göstərir. 

Məsələ ilə bağlı "Ednews"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bu il üçün həmin ərazidə layihə mövcud deyil: 

"Gələn il üçün də dövlət layihə təqdim etsə iş başlayacaq. Yox əgər hökumət təsdiqləməsə gələn il üçün də vəziyyət eyni qalacaq. Azərsunun daxili imkanları ilə həll olunası məsələ deyil. Dövlət layihə təsdiq etməlidir. İnvestisiya ayrılmalı, ondan sonra icra olunmalıdır. Oqtay Şabanov küçəsinin sakinləri demək olar ki, hər il bu məsələ ilə bağlı müraciət edirlər. Müraciətlə həll olunası məsələ deyil. Bakı ətrafı ərazilərinin 80-90 faizi o gündədir, yəni sakinlər şambolardan istifadə edirlər”. 

Suraxanı İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verilmədi. 

Bələdiyyədən bir nəfər bizi başqa şəxsə yönəltdi. Lakin o şəxslə də əlaqə yarada bilmədik. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook