Əziz Əzizov Pərvin Əliyev tandemi- İnşaatda "yuyulan" milyonlar- ARAŞDIRMA (1-ci yazı)
Sentyabr 04
23:01
2016
Son illər
Azərbaycanda bəzi iş adamlarının müəyyən
dini cərəyanlara qoşulmaqları adi hala çevrilib. Çox vaxt bunu mətbuatdan və ictimaiyyətdən gizlətməyə
çalışsalar da bu istəklərinə nail ola bilmədikləri məqamlar da olur.
"Dini
etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə
etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnun
olduğu təsbit edilib. Ancaq bu qanundan
sui-istifadə hallarına yol verənlər də olur. Xüsusən də dünyəvi dövlətçilik
siyasi xətti olan ölkəmizdə radikal dini cərəyanların yayılması olduqca
təhlükəlidir. Azərbaycan coğrafi-siyasi
yerləşim baxımından daim böyük siyasi qüvvələrin maraq dairəsində olub. Əlbəttə
ki, həmin böyük siyasi qüvvələr digər ölkələrə təsir qüvvələrini yaratmaq,
saxlamaq və yaxud artırmaq üçün iqtisadi, mədəni və eləcə də dini sahələri
maksimal olaraq rıçaq ediblər. Son 3-4 ildə Azərbaycanda baş verənlərə nəzər
salsaq doğrudan da ölkəmizdə ciddi təhlükələrin olduğunu sezməmək olmur.
Məmur övladlarına və sahibkarlara "sıçrayan”
vəhhabilik
Azərbaycan mətbuatında məmur
övladlarının vəhhabiliyə meylli olması, bəzi hallarda isə qatı vəhhabi olması
barədə müntəzəm olaraq materiallar tirajlanıb. Məmur övladlarının və iş
adamlarının içərisində də vəhhabi sektasına maliyyə yardımı göstərən "güclü
əllər”in olduğu deyilir. Hələ bir müddət öncə yerli mətbuat yazırdı ki,
vəhhabilərə maliyyə yardımı göstərənlərin önündə Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov və "Sevil Construction” şirkətinin
rəhbəri, bir zamanlar Azərbaycanın Yeyinti Sənayesı naziri Sevil Zeynalovanın
oğlu Aynur Zeynalovun adı hallanırdı. Mətbuatda gedən bu iddialar adıçəkilən
şəxslər tərəfindən heç vaxt təkzib edilmədi. 2012-ci ildə "Sevil Construction”
şirkəti tərəfindən Abşeron rayonunun Hökməli bələdiyyəsi ərazisində- Bakı-
Şamaxı yolununun kənarında kasıb təbəqə (?-red) üçün nəzərdə tutulan "Sevil
Yaşayış Massivi” inşa edilməyə başladı. Yerli mətbuatda və televiziyalarda
aramsız reklam olunan "Sevil Yaşayış Kompleksi”nin başda Aynur Zeynalov olmaqla
bütün rəhbərliyi ciddi korrupsiya hallarına yol verdikləri üçün 2014-cü ilin
yayında həbs olundular. Və beləliklə də daim Azərbaycandakı vəhhabilərə maliyyə
yardımı etdiyi iddia olunan, yüzlərlə insanın pullarını talamaqda şübhəli
bilinən Hacı Aynur Zeynalovun həbsindən sonra ölkədə ciddi proseslər başladı.
Vəhhabiliyin, Nurçuluğun, Şiəliyin
poliqonu yoxsa yaşayış kompleksi?
"AAAF Park” Yaşayış Kompleksi də "Sevil
Massivi” kimi Abşeron rayonunda yerləşir. Ancaq "Sevil Massivi”ndən fərqli
olaraq rayonun mərkəzi sayılan Xırdalan şəhərinin Heydər Əliyev prospektində-
keçmiş "Quşçuluq fabriki”nin 45 hektarlıq ərazisində. Etiraf etmək lazımdır ki,
kapital idxalının maksimallaşdırılması naminə dəfələrlə baş planı dəyişən, bəzi
hallarda tikinti qanunları kobud formada pozulan "AAAF Park” yaşayış kompleksi son
illər tikinti sahəsinin ən uğurlu layihələrindəndir. Mediada və tv-lərdə
ardıcıl olaraq reklam olunur. Düzdür 2014-cü ildə baş verən olaylar bu
komplekin imicinə ciddi ziyan vursa da proyekt sonucda davam etməyi bacardı.
Bəs 2014-cü ildə nə baş verdi?
2014-ci ilin yayında "Sevil
Construkction” Şirkətinin vəhhabilərlə işbirliyində adı hallanalan
rəhbərliyinin həbsindən sonra "AAAF Park” İnşaat MMC-nin rəhbərliyi də
mətbuatın gündəmini zəbt elədi. Belə ki, həmin vaxt "AAAF Park” MMC-nin
təsisçisi Tofiq Heydərovun gizli formada yoxa çıxdığı barədə mediada məlumatlar
yayıldı. Sonradan onun vəhhabilərə maliyyə yardımı etdiyi üçün o vaxtkı MTN-i
tərəfindən həbs olunduğu deyildi. Qarşı tərəfdən heç bir açıqlama
verilmədiyindən bu müəmma təxminən 3-4 gün mediada davam etdi. Ancaq 3-4 gündən
sonra şirkətin təsisçisi Tofiq Heydərov mediaya müsahibə verərək baş verənlərə
aydınlıq gətirməyə çalışdı. Əvvəllər də barələrində ağlagəlməz iddiaların
yazıldığını, kimlərəsə calandıqlarını deyən Tofiq Heydərov 10 şirkət təsis etdiyini,
"AAAF Park” MMC-nin də bu on şirkətdən sadəcə biri olduğunu bildirdi. Tofiq
Heydərov o zamankı müsahibəsində mediada səhv tutaraq adının direktor kimi
hallandırılmasına etiraz etmiş və "AAAF Park” MMC-nin direktorunun Pərvin
Əliyev olduğunu bildirmişdi. Əslində gizlində çox ciddi proseslərin getdiyini
ictimaiyyətdən gizlətməyə çalışan təsisçi bilərəkdən ya bəlkə də bilməyərəkdən ad çəkmişdi. Bəs təsisçinin adını çəkdiyi direktor kim idi?

Sabiq polis zabiti, vəhhabilərin himayədarı
yoxsa Cəlilabad RİH-nin başçısı Əziz Əzizovun bibisi oğlu?
Qlobal.az-ın əldə etdiyi məlumata görə, tipaj
olaraq vəhhabilərə qətiyyən bənzəməyən sabiq polis zabiti Pərvin Əliyev "AAAF
Park” MMC-nin direktoru olarkən ətrafında daima vəhhabilər olub. Hətta direktor
olduğu dövrdə sürücüsünün də vəhhabi olduğu iddia olunanlar arasındadır. Qeyd edək ki, o zaman vəhhabilərin "kassası” olduğu iddia olunan "Sevil Construction” MMC-nin
direktoru Hacı Aynur Zeynalovun qalmaqallı həbsindən sonra diqqət eyni
rayonda fəaliyyət göstərən və adı vəhhabilərə maddi yardımlarda çəkilən "AAAF
Park” MMC-yə, xüsusən də təsisçi və direktora yönəldi. "AAAF Park” Yaşayış
Kompleksi inşa edilərkən ilk günlər vasitəçi (makler) kimi evlərin və ofislərin satışını
həyata keçirdiyi deyilən Pərvin Əliyevin qısa müddət ərzində şirkətin direktoru
təyin olunması ciddi mətləblərdən xəbər verir. Olduqca əsəbi və kobud leksionlu
Pərvin Əliyevin sakit təbiətli və mədəni insan kimi xarakterizə olunan Tofiq
Heydərovun şərikinə çevrilməyi həm də şübhəli məqamlardan biri idi. "AAAF Park”
MMC-yə direktor təyin olunmağı üçün əlbəttə ki, Pərvin Əliyevə ətrafında olan vəhhabi kontingentinin köməyi dəyə bilməzdi. Çünki şirkətin
təsisçisi Tofiq Heydərovun o zaman həbs olunmağı xəbəri ilə yanaşı onun vəhhabi
təriqətinə qulluq etməsi xəbəri də yayılmışdı. Ancaq bu xəbərə 2014-cü ilin
oktyabrın 6-da Axar.az saytında Tofiq Heydərovun dostu ilahiyyatçı Zülfüqar Mikayılzadə aydınlıq gətirdi. İlahiyyatçı o zaman açıqlama verərək
Tofiq Heydərov şiə əqidəsinə malik olduğunu bildirirdi. Əlbəttə ki, Tofiq
Heydərovun doğulub böyüdüyü coğrafiyaya nəzər salanda da ilahiyyatçının
açıqlaması qətiyyən şübhə doğurmur. Ancaq belə olan halda da ortaya mənəvi və
maddi şərtlərdən doğan iki haqlı variant çıxır:
1- şiə əqidəsinə malik təsisçinin şirkətinə vəhhabi olduğu iddia olunan
birini direktor təyin etməyinə səbəb onların- vəhhabilərin təsir altına düşə bilməyi;
2- dini əqidələrin önəm kəsb etmədiyi biznes baxımından direktor təyin
olunacaq şəxs tərəfindən proyektin inkişafı üçün təsisçiyə təklif olan ciddi
kapital.
Əlbəttə, burada ikinci təklif daha
inandırıcı görünür. Ancaq məntiqi olaraq qarşımıza çıxan haqlı sualdan
yayına bilmirik. Əgər direktor Pərvin Əliyev təsisçi Tofiq Heydərova şirkətin
proyektinin inkişafı üçün ciddi kapital təklif edirdisə bu kapitalın mənbəyi
hardan idi? Axı, yuxarıda qeyd etdiyimiz kimi, gənc Pərvin Əliyev bir müddət
polis zabiti olaraq çalışmışdır. Və belə olan təqdirdə onun ciddi kapital
toplaması heç də inandırıcı görünmür. Əks təqdirdə deməli o vəzifəsinin
mahiyyətinə zidd olaraq hansısa cinayətə göz yummalıdır. Bu da qətiyyən
inandırıcı deyil. İkinci variant- ola bilsin ki, vəhhabilərlə münasibətləri
olduğu iddia olunan Pərvin Əliyevə təriqətin müəyyən kanalları ilə kapital
axıdılb. Ancaq bu da inandırıcı görünmür. Cünki, əgər belə bir hal olardısa
hüquq- mühafizə orqanları reaksiya verərdilər. Belə olan halda isə yerdə ancaq
bir variant qalır- RİH başçsı ilə qohumluq əlaqələri. Yuxarıda Pərvin Əliyevin 10 ildən
artıq müddətdir ki, Cəlilabada rəhbərlik edən Əziz Əzizovun dayısı oğlu olduğunu
qeyd eləmişdik. Azərbaycan reallığı baxımından yanaşanda bu variant inandırıcı
gəlir. Deməli Pərvin Əliyev RİH başçısı olan bibisi oğlunun dövlətin büdcəsindən
çırpışdırdığı "qara pulları” "AAAF Park” İnşaatda əmlaka çevirməklə məşğul
olacaqdı.
Pərvin Əliyev Əziz Əzizovun büdcədən
oğurladıqlarını "yuya” bildimi?
Məlumatlara görə, Pərvin Əliyev "AAAF
Park” MMC-yə direktor əyin olunandan sonra 8 ədəd bir və iki bloklu olmaqla 3-5
mərtəbəli mansardlı bina tikdirməyə müvəffəq ola bilib. Həmçinin kompleksin
girişində inşa edilən 7 mərtəbəli binanın da Pərvin Əliyevin direktorluğu
dövründə ərsəyə gəldiyi bildirilir. Məlumata görə, qazanc olaraq Pərvin Əliyevə
bu binadan 6 mənzil və birinci mərtəbədə yerləşən "Makromart” univermağı çatıb.
Həmçinin məlumatda o da qeyd olunur ki, hal- hazırda da Əziz Əzizov "Makromart”
univermağının yeganə şərikidir.
Xatırladaq ki, son on ildə Respublika Prezidenti
möhtərəm İlham Əliyev cənabları üst-üstə Cəlilabad rayonunun abadlaşdırılması
və yendiən qurulması üçün 20 milyona yaxın vəsait ayırıb. Cəlilabad rayonunun
mərkəzi küçələri istisna olmaqla demək olar ki, heç bir yerdə ciddi işlər
görülməyib. Əvəzində isə rayona ayrılan milyonlarla dövlət vəsaiti
mənimsənilərək rayondan çox uzaqlarda şəxsi yaşayış binalarına, univermağa... və
eləcə də digər iaşə obyektlərinə çevrilib. Ancaq xalqın, dövlətin vəsaitini
talan eləmək, mənimsəmək hələ heç bir məmura sonadək qismət olmayıb. Bunu son illər
Azərbaycanda baş verən olaylara diqqət edəndə də görməmək olmur...
Ardı növbəti sayımızda...
Qlobal.az



