Əsədin Britaniyadakı sərvəti ortaya çıxdı – Pulların rejim qurbanlarına qaytarılması tələb olunur
Dekabr 16
12:33
2024
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Londondakı bank hesabında 55 milyon funt-sterlinqdən çox pul var.
"AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Mənbələrə görə, bu pul Əsəd, ailəsi və müttəfiqlərinin Britaniya banklarındakı 163 milyon funt-sterlinq ümumi aktivlərinin yalnız kiçik bir hissəsidir. 2011-ci ildəki məhkəmə sənədlərində Əsədin Londondakı "HSBC” hesabında təxminən 40 milyon funt sterlinq olduğu müəyyən edilib. Bu vəsaitlər Britaniyanın 2011-ci ildə Suriya Vətəndaş Müharibəsindən əvvəl etirazları yatırtmaq üçün Əsəd rejiminə tətbiq etdiyi sanksiyaların bir hissəsi kimi dondurulub.
Qeyd olunur ki, sanksiyalar çərçivəsində dondurulmuş aktivlər sahibinin mülkiyyətindən çıxarılmadığı üçün istifadə edilə bilməz. Üstəlik, bu hesab illik faiz gəlirləri əldə etdikdən sonra daha da artıb. Britaniya hökuməti həmçinin Əsədin əmisi Rifat Əsədə məxsus Mayfairdə yerləşən 32,8 milyon dollarlıq 6 mərtəbəli malikanənin də üzərinə həbs qoyub.
Məlumata görə, Bəşər Əsəd ümumən 200 ton qızıl və daşınmaz əmlak da daxil olmaqla 12,5 milyard funt sterlinq dəyərində sərvətə sahibdir.
Böyük Britaniyada bu vəsaitlərin Əsəd rejiminin qurbanlarına qaytarılması ilə bağlı çağırışlar olub. İnsan haqları təşkilatları da bu sərvətin Suriyada rejim qurbanlarına qaytarılmasını tələb edir.