Ermənistanın hərbçiləri Qarabağdan çıxmaq istəmir
Noyabr 16
11:13
2020
10 noyabr bəyanatına uyğun olaraq Kəlbəcərin Azərbaycana təhvil verilməsi üçün nəzərdə tutulan müddət 15 noyabrdan 25 noyabradək uzadılıb.
Bunun səbəbi barədə rəsmi açıqlama verildi ki, 5 gün ərzində Ermənistanın hərbi birləşmələrinin çıxarılması relyef, hava şəraiti, köçürülmə üçün cəmi bir yol olması, habelə Ağdamdakı hissələrin də eyni marşrutla danışması səbəbindən mümkün olmayıb.
Musavat.com-un məlumatına görə, Ermənistanın müraciəti əsasında Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan Kəlbəcərin qaytarılması üçün müddətin əlavə 10 gün uzadılması üçün xahiş edib.
Təbii ki, Azərbaycan diplomatik etikanı, himanizm prinsiplərini daim gözləyir, bütün ərazilərin qaytarılması üçün yekun tarixin 1 dekabr olmasını da nəzərə alaraq, Putinin xahişini qəbul edib.
Elə isə suallar da yaranır ki, Kəlbəcərdə yubanmada süni əngəllər ola bilərmi.
İddialara görə, Kəlbəcər və Laçın meşələrində, qismən Ağdamda xeyli başıpozuq erməni diversiya qrupları gizlənir. Onlar Paşinyana, Ermənistanın mərkəzi hərbi komandanlığına tabe olmayacaqlarını deyirlər. Özlərini terrorçu kimi aparan bu lokal qruplar elə zənn edirlər ki, bu əməlləri ilə Azərbaycanı təxribata çəkə biləcəklər.
Ancaq anlamırlar ki, qarşılarındakı Rusiya sülhməramlısıdır və altında Azərbaycan Prezidenti İlham Əliyevin və Putinin imzası olan sənədin icrasından imtina heç cür mümkün deyil.
Lakin hələlik onlar hesab edir ki, bu davranışları ilə Ermənistanı daha da çıxılmaz duruma salırlar, ən azı Paşinyanı istefaya göndərə bilərlər. Məsələ ondadır ki, bu dəstələr Paşinyandan qisasçı olan siyasi qüvvələrdən təlimat alır...
Özlərinə "Smertnik" adı verən bəzi dəstələrin hətta 2-3 keşişi də yanlarına alaraq, Kəlbəcərdə kilsəyə girdikləri, "burada öləcəyik" kimi şüarlarla sülhməramlılara müaqavimət göstərdiklərini də bəzi rus və erməni mənbələri yaymaqdadır.
Proqnoz həm də budur ki, məlum durumda çıxılmaz vəziyyətə düşən Paşinyan "onlar məni eşitmir, tabe olmur" kimi yazıq görkəmdə Putindən kömək istəyib və nəticədə bu təxribatçı dəstələrin Qarabağdan qovulması üçün əlavə vaxt lazım olub.
Belə görünür ki, bu işin də məsuliyyətini Rusiya üzərinə götürməyə məcbur qalıb.



