SON XƏBƏR

"Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik" - Ceyhun Bayramov

Dekabr 05
20:36 2024
"Nazirlər Şurasının bugünkü iclası olduqca mürəkkəb dövrə təsadüf edir. Beynəlxalq hüququn pozulması, beynəlxalq öhdəliklərin yanlış təfsiri və selektiv şəkildə tətbiqi inam və etimadın azalmasının, habelə çoxtərəfliliyin davam edən böhranının əsasında dayanır. Eyni zamanda, təhlükəsizlik və sabitlik heç bir sərhəd tanımayan və çoxtərəfli həllər tələb edən artan transmilli çağırışların mövcudluğuna görə təhdid altındadır”.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Nazirlər Şurasının 31-ci iclasındakı bəyanatında deyilir.

Qeyd olunub ki, Avropada İslamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur: "ATƏT-ə üzv olan müvafiq dövlətlərin Təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir.

Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır”.

Nazir bildirib ki, Azərbaycan ATƏT-in də daxil olduğu effektiv çoxtərəfliliyin güclü tərəfdarı olaraq qalır və büdcənin qısa zamanda qəbul edilməsi, habelə ATƏT-in funksionallığı ilə bağlı, baş katibin və icra strukturlarının rəhbərlərinin təyin edilməsi məsələsi ətrafında yaranmış çıxılmaz vəziyyətin həll olunması məsələlərinin həllində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır:

"Təşkilatın məhdud resursları ATƏT-in Maliyyə Qaydalarına tam uyğun olaraq, ən çox ehtiyacın duyulduğu istiqamətə, aktual və konsensusun mövcud olduğu proqram fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilməlidir.

ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturları köhnədir və reallığa uyğun deyil. Bu strukturların kağız üzərində saxlanması Təşkilatın Maliyyə Qaydalarına ziddir. Müvafiq olaraq, bu vəziyyət büdcə proses çərçivəsində tənzimlənməlidir”. Vurğulanıb ki, ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib: "Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb.

Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub.

Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir”.

C. Bayramov onu da qeyd edib ki, əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır: "Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri, Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz.

Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir.

Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik.

Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur”.

Nazir, Azərbaycanın ATƏT çərçivəsində Təşkilatın funksionallığı və effektivliyinin qarşısında duran mövcud çağırışlarının aradan qaldırılmasında konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook