SON XƏBƏR

“Erməniləri başa salacaq yeganə güc və qüvvə Azərbaycanın qeyrətli əsgəri olacaq” - Bu səfərlərə ehtiyac var idimi?

Noyabr 26
11:14 2019
Noyabrın 17-dən 21-dək Ermənistan və işğal altındakı Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərlərinin həyata keçirilməsi cəmiyyətdə birmənalı qarşılanmır.

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri, ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov EADaily nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan jurnalistlərinin Ermənistana və Dağlıq Qarabağa, erməni jurnalistlərinin isə Azərbaycana bugünlərdə baş tutmuş səfərləri regionda "qeyri-rəsmi diplomatiya” yolu ilə gələcək sülhün əsaslarını qoymaq baxımından yaxşı başlanğıcdır. Virtualaz.org xəbər verir ki, Trubnikovun fikrincə, proqramda Qarabağın da iştirakı çox mühümdür. Rusiyalı diplomat hesab edir ki, dinc nizamlama prosesində Qarabağ əhalisinin də maraqları birbaşa təmsil olunmalıdır: "Jurnalistlərin mübadiləsi proqramı çox mühüm təşəbbüsdür. Bu, düzgündür. Axı bu prosesdə jurnalistlərdən və KİV-lərdən çox şey asılıdır. Milçəkdən fil düzəltmək olar və ya fili milçəyin ölçüsündə kiçiltmək olar ki, həmin fil heç kimi tapdalamasın. Jurnalistlər burada mühüm rol oynayır. Axı informasiyanın təqdim edilməsindən ictimai əhval-ruhiyyə çox asılıdır. İctimaiyyəti elə qızışdırmaq olar ki, yuxarılarda, sadəcə olaraq, heç bir həll qərarı qəbul etməyəcəklər. Çünki öz mövqelərindən qorxacaqlar”.

Rusiyalı diplomat jurnalistlərin qarşılıqlı səfərinin məxfi saxlanılmasına haqq qazandırıb, deyb ki, bunu anlamaq olar. Çünki 18 ildən bəri ilk dəfədir tərəflər arasında publik diplomatiya çərçivəsində birbaşa təmas baş tutur.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə "Yeni Müsavat”a bildirdi ki, jurnalistlər istənilən bir konfliktin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sonda sülhlə həll olunmasına nail olmaq üçün çox təsirli qüvvədir: "Amma həmin qüvvə indiki şəraitdə öz effektini verə bilməyəcək. Bu qüvvənin təsiri öz effektini yalnız o halda verər ki, Ermənistanda indiki hakimiyyətin üzərində həqiqətən güclü ictimai rəy mexanizmi olsun. Baxın, jurnalistlərin missiyası bu konfliktin həll olunması üçün hər iki ölkədə həm Azərbaycanda, həm də Ermənistanda ictimai rəyi sülhə hazırlamaqdan ibarətdir, gedən danışıqlar prosesinin mahiyyətini izah etməkdir, bir az da irəli gedərək münaqişənin hansı mexanizm və hansı platforma əsasında həll olunacağı ilə bağlı hər iki cəmiyyətdə rəy yaratmaq, bu cəmiyyətləri sülhə hazırlamaqdan ibarətdir. İndi Azərbaycan jurnalistləri, Azərbaycan mediası bizim xalqımızı təslimçiliyə hazırlamayacaq ki. Azərbaycan jurnalistləri xalqı işğal olunmuş torpaqları Ermənistana təhvil vermək və bununla barışmaq ovqatına hazırlayası deyil. Azərbaycan ictimaiyyətini sülhə hazırlamağa əslində heç bir ehtiyac yoxdur. Çünki Azərbaycan ictimaiyyətinin mövqeyi tamamilə bəllidir. Sadəcə, Azərbaycan jurnalistlərinin bu məsələdə missiyası Azərbaycan xalqının tarixi siyasi hüquqlarını, haqqını bütün dünyaya bəyan etmək və bunu müdafiə prosesində iştirak etməkdir. Bu gün sülhə hazırlamalı ictimai rəy yalnız və yalnız Ermənistan cəmiyyətidir. Əgər bu gün erməni cəmiyyəti Qarabağda aparılan işğalçı müharibənin çox ağır sosial iqtisadi nəticələr verdiyini görürsə, sülhə hazır olmalıdır. Çünki bu münaqişə Ermənistanın özünə böyük ziyan vurur. Amma Ermənistanda ictimai rəyin hakimiyyətə qarşı bu mövqeyini nəzərə alan yoxdur. Ermənistandakı hakimiyyətlər indiyə qədər erməni xalqının rəyinə əhəmiyyət verməyiblər və vermirlər. Ona görə də bu təcavüzkar müharibə hələ də davam edir.

Jurnalistlərin bu məsələdə effektli rolu yalnız o halda özünü göstərəcək ki, Ermənistan hakimiyyətinin siyasəti üzərində erməni cəmiyyətinin təsiri olsun".

Politoloq Nəzakət Məmmədova isə qeyd edib ki, Azərbaycan xalqı Qarabağa qalib kimi ayaq basmalıdır, daha qaçaqmalçı kimi xəlvət gedib-gəlməməlidir: "Öz torpağına ermənilərin icazəsi ilə gedib-gəlmək ən böyük acizlik, məğlubiyyəti qəbul etməkdir. Qarabağa və Ermənistana jurnalist göndərən media agentliklərinin rəhbərləri bu barədə xalqa izahat verməlidir. Niyə xəlvət gediblər, kimin təlimatına əsasən gediblər, səfərdə məqsəd nə olub və s. suallara aydınlıq gətirilməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə moderator.az-a açıqlamasında ölkə mediasının gündəmini zəbt etmiş qarşılıqlı jurnalist səfərlərinə çox sərt təpki göstərib: "Daha çox Rusiya tərəfinin cənfəşanlığı ilə gizli həyata keçirilmiş Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri şəxsi düşüncəmə görə çox uğursuz və mənasız bir tədbir oldu. Özü də bunu heç də şişirtmək-filan lazım deyil. Erməni erməniliyini heç vaxt dəyişən deyil və onu başa salacaq yeganə güc və qüvvə Azərbaycanın qeyrətli əsgəri olacaq. Çox primitiv və çiy hazırlanmış bu tədbir hər baxımdan Azərbaycan üçün zərərlidir. Kim bunun əksini subut edə bilər, gəlsin xalq qarşısında əlini vicdanının üstünə qoyub desin ki, bu tip tədbirlərin hansısa əhəmiyyəti olacaq. Xeyr və yüz dəfə xeyr. Bu, sadəcə, Azərbaycanın başını qatmaq üçün növbəti hiylədir və bunu özünüz də çox tezliklə görəcəksiniz.

ATƏT-in Minsk Qrupunun bivec həmsədrlərinin dişsizliyi və lazımsızlığı onda açıq görünür ki, onlar öz müftəxorluğunu, erməni maraqlarına daha çox xidmət göstərmək missiyasını uzatmaq üçün belə mənasız, özlərinin hesabatları üçün bu cür hiylələrə əl atırlar. Biz heç bir halda buna imkan verməməliyik. Ermənilərə və ATƏT-in bivec həmsədrlərinə konkret vaxt verilməlidir ki, əgər onlar beynəlxalq hüquq və normalar çərçivəsində işğalçını başa sala bilməsələr, Azərbaycan 2020-ci ilin birinci yarısında danışıqlar prosesindən çıxacaq və yerdə qalan qərarları təkbaşına qəbul edəcək".

Xatırladaq ki, jurnalistlərin səfərlərinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı, Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirildiyi barədə məlumat verilib. Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə-Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə və Bakıya gediblər.

Ermənistandan Bakıya "Şant” TV-nin icmalçısı Artyom Yerekyan, "Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və separatçı rejimin "İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana "Trend” agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Onu da qeyd edək ki, Ermənistana və Qarabağa gedən azərbaycanlı jurnalistlər dünənə qədər səfər təəssüratlarını bölüşməyiblər.

"Yeni Müsavat”


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook