Erməni patriarxı “soyqırım” qərarına qarşı - “Bizim bu ölkə ilə ümumi tariximiz var...”
Dekabr 16
15:19
2019
Erməni Apostol kilsəsinin İstanbul patriarxı, yepiskop Saak Maşalyan ABŞ Senatının qəbul etdiyi "erməni soyqırımı” qərarını kəskin tənqid edib.
"AzPolitika.info” xəbər verir ki, S.Maşalyanın bu məsələ ilə bağlı açıqlaması Ermənistanda böyük əks-səda və narazılıq doğurub.
Türkiyədəki və bəzi qonşu ölkələrdəki ermənilərin əsas dini rəhbəri sayılan yepiskop "Sabah” qəzetinə açıqlamasında deyib ki, "ermənilərin 100 il bundan öncəki əzabları” Türkiyəyə qarşı siyasi və iqtisadi təzyiqlər üçün alətə çevrilib.
Patriarxın fikrincə, problemlər üçüncü ölkələrin parlamentlərində deyil, bu torpaqlarda yaşayan insanlar tərəfindən çözülməlidir: "Biz istəyirik ki, problemlər barədə müxtəlif ölkələrin parlamentləri yox, bu torpaqlarda yaşayan insanlar danışsınlar. Biz Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşmasını istəyirik. Bu barədə hələ ki, söhbət getmir, problem haqqında isə okeanın o tayındakı üçüncü ölkələr danışırlar.”
Maşalyan deyib ki, Türkiyədə yaşayan ermənilərlə ölkə olaraq Türkiyənin özünün taleyi eynidir: "Erməni icması Türkiyənin ictimai həyatına inteqrasiya olunub. Bizim bu ölkə ilə ümumi tariximiz var. Biz 100 il əvvəl olanları unutmuşuq. Biz bu ölkədə yaşamağa qərar vermişik və bu, bizi Ermənistan diasporası ilə ayıran cəhətdir. Biz bu ölkədə qalmaqla hansı yollasa 1915-ci ildəki travmanı sağalda bilmişik.”
Ermənistanda patriarxın bu açıqlamaları narazılıq yaratmaqla yanaşı, Maşalyanın Türkiyə hökumətinin qulluğunda durduğuna dair iddialara səbəb olub. Hətta iddia edilir ki, onun patriarx seçilməsində hökumət maraqlı olub və seçkidə radikal namizədlərin irəli sürülməsinə imkan verməyib.



